Azərbaycanda bankların kart ödənişləri üzrə ticarət obyektlərindən aldığı komissiyalara maksimum hədd müəyyənləşdirilib.
Yeni qaydalara əsasən aptek və dərman satışında, eləcə də supermarket və ərzaq alış-verişində komissiya 1,25 faiz, yanacaq satışında 0,75 faiz, digər sahələr üzrə isə 1,5 faizdən çox ola bilməyəcək.
Maraqlıdır ki, yeni limitlər bank sektoruna, sahibkarlara və vətəndaşlara necə təsir göstərəcək? Xüsusilə də bankların gəlirlərinin azalmasının kəşbek proqramlarına və digər loyallıq kampaniyalarına təsiri müzakirə olunur. Yeni limitlər "cashback" proqramlarının və bonus kampaniyalarının azalmasına səbəb ola bilərmi?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, yeni limitlər şübhəsiz ki, bonuslara təsir edəcək, hətta təsir edib. Onun sözlərinə görə, artıq bəzi banklar 1 iyun tarixindən “cashback” faizlərini aşağı salacaqları barədə müştərilərə bildirişlər göndəriblər:
“Xüsusən də müştərilərin ən çox istifadə etdikləri kateqoriyalardan biri olan supermarket və ərzaq alış-verişində azalma olacaq. Çünki nağdsız ödənişlərin böyük bir hissəsi məhz bu kateqoriyanın payına düşür. Digər kateqoriyalarda da azalmanın olacağı qaçılmazdır. Çünki banklar arasında böyük bir rəqabət mövcud deyil. Nağdsız ödənişlər üçün istifadə edilən bank kartları, o cümlədən də POS-terminallar əsasən bir-neçə banka məxsusdur. İndiyə kimi müşahidə etdiyimiz mənzərə ondan ibarət idi ki, bankların müştərilərə verdiyi “cashback” faizləri onların ticarət obyektlərindən aldığı komissiyalardan aşağı olub. Bu isə o deməkdir ki, banklar daha çox müştəri cəlb etmək üçün əlavə vəsaitlər xərcləməyiblər. Sadəcə olaraq ticarət obyektlərindən aldıqları komissiyanın müəyyən bir hissəsini “cashback” kimi müştərilərə ödəyiblər. Mərkəzi Bankın açıqladığı rəsmi açıqlamada bu qərarın əsas hədəfinin nağdsız ödənişləri artırmaq olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, yeni qərarda həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir. Lakin görünən odur ki, bu qərar ən çox təsərrüfat subyektləri üçün faydalı olacaq. Onların banklara ödədiyi komissiyalar azalacaq. Hesab edirəm ki, rəsmi açıqlamada qeyd olunmasa da, Mərkəzi Bank bu yolla həm də inflyasiya təzyiqini azaltmağı hədəfləyə bilər. Bank komissiyalarının yüksək olması dolayı yolla marketlərdəki qiymətlərə təsir edir. Ancaq unutmamaq lazımdır ki, nağdsız ödənişlərlə bağlı proseslərin əsas iştirakçısı vətəndaşlardır. Bu cür qərarlar qəbul olunan zaman ilk növbədə onların maraqları nəzərə alınmalıdır”.
İqtisadçı qeyd edib ki, qərar yeni qüvvəyə minib və böyük ehtimalla gələcəkdə vətəndaşların, yəni müştərilərin davranışları bazarda yeni qaydalar formalaşdıracaq:
“Əgər “cashback” faizləri azalarsa, müştərilərin nağdsız ödənişlərə marağı azala bilər. Bu zaman banklar müştərilər üçün hansısa əlavə bonus proqramları tətbiq edə bilərlər. Dediyim kimi, dəyişikliyin hansı istiqamətdə olacağını yaxın gələcəkdə görə biləcəyik. İndiki halda görünən odur ki, komissiyalar üçün maksimum həddin müəyyən edilməsi “cashback” faizlərinə təsirsiz ötüşməyib”.
