Məktəbəqədər yaşlı uşaqlara məktəbdənkənar təhsil müəssisələrində də təhsil veriləcək.
Referans xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihədə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur.
Təklif edilən dəyişikliklə məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində, habelə ailədə həyata keçiriləcək.
Mövcud qanunvericiliyə görə, məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir.
Bununla yanaşı, “Təhsil haqqında” Qanunda da müvafiq dəyişikliyin edilməsi təklif olunur.
Təklif edilən dəyişikliyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.