image-neft-azebackend

Büdcənin “neft sevinci”: Əlavə gəlirlər hara xərclənəcək?

Hazırda neftin qiymətinin büdcədə nəzərdə tutulan 65 ABŞ dollarından yüksək olması dövlət gəlirlərinə müsbət təsir göstərir. Qiymət artımı Dövlət Neft Fonduna daxilolmaları və valyuta axınını artırır, bu da ölkənin maliyyə dayanıqlığını gücləndirir və büdcə xərclərini maliyyələşdirmək üçün əlavə imkanlar yaradır.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud qiymət səviyyəsinin uzunmüddətli sabitlik göstəricisi olub-olmadığını demək çətindir. “Bazar neftin qlobal təklif-tələb balansına, geosiyasi vəziyyətə və makroiqtisadi amillərə bağlı olaraq dalğalanır. Buna görə də hazırkı yüksək qiymət müvəqqəti dalğalanma da ola bilər,” – deyə Nəsirli vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci ildəki minimum və 2008-ci ildəki maksimum qiymətlərlə müqayisədə hazırkı səviyyə iqtisadi risk baxımından orta və nisbətən sabit dövrü göstərir. Qiymətlər çox aşağı olmadığından büdcə gəlirləri təzyiq altında deyil, lakin maksimum səviyyələrdəki qazanc qədər də yüksək deyil.

Nəsirli həmçinin qeyd edib ki, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı üçün qaz daha strateji əhəmiyyət kəsb edir, çünki qaz ixrac marşrutlarının şaxələndirilməsi və Avropa bazarına çıxış imkanları ölkəyə uzunmüddətli gəlir təmin edə bilər. Lakin yaxın illərdə neft hələ də dominant gəlir mənbəyi olaraq qalacaq, gələcəkdə isə qazın payı tədricən artaraq ikinci əsas gəlir mənbəyinə çevriləcək. O əlavə edib ki, ölkə iqtisadiyyatı resurslardan asılı olduğu müddətcə həmişə risk gözləntisi altında olacaq və dayanıqlı iqtisadiyyat qurmaq vacibdir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki