Bunu İrandan heç kim gözləmirdi – Dünyanı şok edən silahlar harda gizlədilmişdi?backend

Bunu İrandan heç kim gözləmirdi – Dünyanı şok edən silahlar harda gizlədilmişdi?

  İranın İsrailə qarşı göstərdiyi kəskin və dəqiq raket zərbələri dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Uzun müddət ərzində İranın raketlərinin İsrailə çatmadan məhv ediləcəyi və ya İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən neytrallaşdırılacağı fikri geniş yayılmışdı. Lakin son hadisələrin məsələnin heç də belə olmadığını göstərdi.

Bəs Təl-Əviv həqiqətən Tehranın bu gücünü gözardı edirmiş?

Globlainfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, İran–İsrail qarşıdurması bu gün bütün dünyanın diqqət mərkəzindədir:

“İsrailin İrana qarşı sərgilədiyi davranışlar hər kəsdə təəccüb doğurur. Bu qarşıdurma halında İranın İsrailə cavab vermək imkanları və bunun nə qədər real olması barədə müxtəlif məlumatlar dolaşır.

İsrailin “Dəmir qübbə” adlandırılan hava hücumundan müdafiə sistemi uzun illərdir keçilməz sayılırdı. İranın hava hücumundan müdafiə sistemlərinin zəifliyi, təyyarələrinin texnoloji baxımdan geri qalması və raketlərinin hədəfə dəqiq çatma ehtimalının aşağı olması fikri illərdir formalaşmışdı. Lakin son hadisələr göstərdi ki, bu təsəvvürlər tam şəkildə doğru deyil.

İsrailin son 10-12 il ərzində siyasi xəttini, təhlükəsizlik strategiyasını izlədikdə görünür ki, onlar İranın həm siyasi rəhbərliyini, həm də yüksək rütbəli hərbi generallarını hədəf alıblar. Bildirilir ki, İranın ali dini lideri Xamenei də bu siyahıya daxil idi. Hətta keçmiş prezident Mahmud Əhmədinejadın belə hədəf seçildiyinə dair məlumatlar yayılsa da, bu xəbərlər daha sonra təkzib edildi. Buna baxmayaraq, İsrailin məqsədinin təkcə hərbi deyil, həm də rejim dəyişikliyi yaratmaq olduğu görünür. Daha Qərbyönümlü, İsrailə yaxın bir rejimin hakimiyyətə gətirilməsi planlaşdırılırdı. Lakin bu plan uğursuzluğa düçar oldu.

İsrailin hücumlarının rəsmi məqsədi İranın nüvə obyektlərini məhv etmək kimi təqdim olunsa da, məsələnin dərinliyinə getsək, bu izah inandırıcı görünmür. Əgər İranın nüvə silahı hazırladığına dair ciddi sübutlar olsaydı, bu günə qədər həmin silahların mövcudluğunu sübut edən görüntülər və ya faktlar təqdim olunardı. Lakin belə bir şey yoxdur. Bu da göstərir ki, hücumun əsl səbəbləri başqa idi. Digər tərəfdən İsrail İranda nüvə silahının olduğunu düşünürsə, bu silaha malik olan ölkəyə niyə hücum etsin? İranın sözügedən silahdan istifadə edəcəyini fikirləşmir?

İsrailin hücumların hələ ilk mərhələsində ABŞ və Qərbin tam dəstəyini almaq, hücumları daha geniş regional müharibəyə çevirmək planları vardı. Amma bu planlar da nəticəsiz qaldı. Əksinə, İsrail tarixində görünməmiş şəkildə raket zərbələrinə məruz qaldı. “Dəmir qübbə” sistemi bu hücumların qarşısını tam şəkildə ala bilmədi və şəhərlər ciddi ziyan gördü. Təbii ki, informasiya müharibəsi də paralel şəkildə davam edir və hər iki tərəf hadisələri öz maraqlarına uyğun şəkildə təqdim etməyə çalışır”.

Politoloqun fikrincə, bu proseslər İran daxilində müəyyən qarışıqlıq yaratsa da, rejim dəyişikliyinə və ya xaosa səbəb ola bilməyib:

“Digər tərəfdən, ABŞ və Avropa dövlətləri məsələyə daha ehtiyatla yanaşır, çünki bu cür müdaxilələr bölgədə tamamilə nəzarətdən çıxan bir xaos yarada bilər. Bu hadisələr onu da göstərir ki, bəzi güc mərkəzləri “yeni dünya düzəni” yaratmağa çalışırlar. İsrail–İran qarşıdurması və ondan əvvəl baş verən Rusiya–Ukrayna müharibəsi bu proseslərin bir-birinə bağlı olduğunu və böyük güclərin bölgəni yenidən dizayn etməyə çalışdığını göstərir. Rusiya Ukraynada, İran isə Yaxın Şərqdə təsirsiz hala gətirilməyə çalışılır. Bu da böyük güclərin uzunmüddətli planlarının tərkib hissəsidir”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki