Cənubi Qafqaz uğrunda BÖYÜK OYUN başlayır

“Vaşinqton Ermənistan-Azərbaycan sülh sazişini, sadəcə, regional anlaşma deyil, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün tarixi fürsət kimi görür”.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The National Interest” jurnalındakı məqalədə deyilir.

Nəşrə görə, uzun illər Moskvanın təsir zonasında qalan Cənubi Qafqazda vəziyyət dəyişir. Qeyd olunur ki, 8 avqust 2025-ci ildə keçirilmiş Azərbaycan-Ermənistan sülh sammiti Vaşinqtonu ilk dəfə bölgədə əsas oyunçulardan birinə çevirib və Rusiyanın zəifləyən mövqelərinə ciddi zərbə vurub.

Təhlildə əsas diqqət “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinə yönəlir. Ermənistanla Azərbaycanı birləşdirən bu marşrut üzərində ABŞ-ın əməliyyat nəzarəti əldə etməsi Vaşinqton üçün böyük strateji uğur kimi təqdim olunur.

Məqalə müəllifinə görə, layihə həm iqtisadi, həm də geosiyasi baxımdan ABŞ-ın bölgədəki təsirini əhəmiyyətli dərəcədə artıracaq.

“The National Interest” “Orta Dəhliz”in qlobal əhəmiyyətinə də xüsusi yer ayırır. Avropa ilə Mərkəzi Asiyanı birləşdirən bu xətt eyni anda həm Rusiya və Çindən, həm də İrandan yan keçən yeganə böyük ticarət marşrutu sayılır.

Təhlildə, həmçinin, qeyd olunur ki, Mərkəzi Asiyada dünyanın ən böyük nadir torpaq metalları ehtiyatlarından biri yerləşir və ABŞ bu resurslar üzrə böyük ölçüdə Çindən asılıdır. Yazıda Ermənistanın yenidən Moskvanın orbitinə qayıtmasının Vaşinqton üçün ciddi risk yaradacağı vurğulanır: “Çünki o halda TRIPP layihəsinin bağlanması mümkündür”.

Müəllifin fikrincə, ABŞ-ın əsas üstünlüklərindən biri Ermənistan cəmiyyətində Rusiyaya qarşı artan narazılıqdır. Məqalə müəllifinə görə, ermənilər Qarabağ üzərində Azərbaycan nəzarəti bərpa olunarkən Moskvanın proseslərə müdaxilə etməməsini unutmayıblar.

Təhlildə Vaşinqtona konkret tövsiyələr də verilir. ABŞ-nin TRIPP ətrafında strateji tranzit tərəfdaşlığı qurması təklif olunur. Məqalənin müəllifinə görə, bu addımlar həm də Rusiyanın bölgədəki təsirini zəiflədəcək.

“The National Interest” yekunda bu nəticəyə gəlir: Vaşinqtonun hələ vaxtı var və ABŞ Azərbaycan-Ermənistan sülh sazişinin yaratdığı imkanlardan istifadə edib Cənubi Qafqazı Qərb orbitində saxlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki