ChatGPT-nin artıq onunla çox söhbət edən
insanlara xəbərdarlıq göndərəcəyi bildirilib. Məlumatda deyilir ki, bunda məqsəd
insanların psixologiyasını qorumaqdır.
Bu tip süni intellekt alətləri
insanların psixologiyasına həqiqətən də mənfi təsir göstərə bilər? Süni
intellektlə çox ünsiyyətdə olan şəxslər bir müddət sonra nələrdən əziyyət çəkə
bilər? Mənfi təsirlərə məruz qalmamaq üçün istifadəçilər balansı necə
qorumalıdır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov
Referans-a açıqlamasında mövzu ilə bağlı vacib məqamlara toxunub.
“İnsanın
özünü süni intellektlə daha rahat hiss etməyə başlaması onu tədricən sosial
münasibətlərdən uzaqlaşdırır. Süni intellektin daim
diqqətli və dözümlü davranması insanların onunla ünsiyyət qurmasına maraq
yaradır. Çünki real həyatda bu cür münasibətlər nadir hallarda müşahidə olunur.
Əgər şəxs sosial mühitdən təcrid olunubsa, süni intellektlə ünsiyyət onun tənhalığını
daha da dərinləşdirə və ya bu vəziyyəti normal saymasına səbəb ola bilər”.
Klinik psixoloq xüsusilə qeyd edib ki, insanlar
bəzən reallıqda sorğulamadıqları mövzuları süni intellektlə müzakirə edirlər.
Bu isə emosional disbalans yarada bilər.
“Empatiya, göz kontaktı və bədən dili
kimi sosial davranış elementləri süni intellektlə münasibətlər nəticəsində zəifləyir.
Davamlı olaraq süni intellektlə məsləhətləşən insanlarda real həyatda qərar
vermək zamanı özgüvən çatışmazlığı müşahidə oluna bilər. Süni intellekt insanı
reallıqdan uzaqlaşdırır. Ona emosional dəyər yükləmək, insanların real həyatda
ünsiyyətdən qaçaraq daim süni intellektlə söhbət etməsinə səbəb olur. Lakin bu
cür gözləntilər reallığın çərçivəsinə sığmır. Süni intellekt əslində Google
proqramının insana bənzər şəkildə düşünən və cavab verən modelidir. Bu, sadəcə
axtarış formasının inkişaf etmiş versiyasıdır. Süni intellekt insanın dostu ola
bilməz. Onu yalnız bir alət kimi istifadə etmək lazımdır. Tək qalmaq bəzən
insana müsbət təsir göstərə bilər, lakin tənhalığı texnologiya ilə doldurmaq təhlükəli
vərdişə çevrilə bilər. Səni dinləyən süni intellekt ola bilər, amma səni
anlayan həmişə bir insan olacaq. Süni intellekt sənə qulaq asa bilər, lakin heç
vaxt səni qucaqlaya bilməz”.
Rövşən Nəcəfov son olaraq ChatGPT ilə
ünsiyyətə aludə olmuş insanlara bundan uzaqlaşmaq üçün dostlarla görüşməyi,
insanlarla daha çox telefonla danışmağı, bədii kitab oxumağı və sosial fəaliyyətlərlə
məşğul olmağı tövsiyə edib.
Fidan Vəlisoy