Son dövrlərdə bazarlarda mövsümündən əvvəl satışa çıxarılan çiyələklərin sayı artdıqca, bu məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı narahatlıqlar da gündəmə gəlir. Parlaq görünüşü və eyni ölçüdə olması ilə diqqət çəkən bu çiyələklərin təbii olub-olmadığı, kimyəvi maddələrlə emal edilib-edilmədiyi isə istehlakçıları düşündürən əsas məqamlardandır.
Bəs çiyələk alarkən onun kimyəvi maddələrlə işlənib-işlənmədiyini necə müəyyənləşdirmək olar?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, meyvə və tərəvəzlərin öz mövsümündə istehlak olunması həm sağlamlıq, həm də keyfiyyət baxımından daha məqsədəuyğundur.
Onun sözlərinə görə, hazırda bazarlarda istixana şəraitində yetişdirilmiş və müxtəlif kimyəvi maddələrlə emal olunmuş çiyələklərin geniş yayılması müşahidə edilir:
“Bu cür məhsullar zahirən cəlbedici görünsə də, onların insan orqanizmi üçün faydalı olduğunu demək çətindir. Satışda olan bəzi çiyələklər nə dad, nə də ətir baxımından təbii məhsullara uyğun gəlir. Bu isə onların yetişdirilməsi zamanı kimyəvi müdaxilələrin ehtimalını artırır”.
Ekspert qeyd edib ki, təbii şəraitdə yetişən çiyələklər adətən müxtəlif ölçüdə olur və rəngi tünd qırmızıya çalır.
“Halbuki, istixana məhsulları çox vaxt eyni ölçüdə, parlaq və açıq qırmızı rəngdə olur, həmçinin xarakterik ətiri hiss edilmir. Əsas problem yalnız kimyəvi maddələrin istifadəsi deyil, onların hansı qaydada və kimin nəzarəti altında tətbiq olunmasıdır.
Əgər gübrələr və digər maddələr mütəxəssis nəzarəti olmadan, təsərrüfat işçiləri tərəfindən gözəyarı şəkildə istifadə olunursa, bu artıq insan sağlamlığı üçün ciddi risk yaradır. Çünki həmin maddələrin normadan artıq istifadəsi məhsulda təhlükəli qalıqların yaranmasına səbəb ola bilər”.
Ekspert vurğulayıb ki, satışa çıxarılan çiyələklər mütləq laborator yoxlamadan keçməlidir:
“Qida Təhlükəsizliyi İnstitutunun laborator nəticələri əsasında müəyyən olunmalıdır ki, məhsulun tərkibində pestisid və azot gübrələrinin miqdarı normaya uyğundurmu. Yalnız bundan sonra həmin məhsulların satışına icazə verilməlidir. Bu cür yoxlamalar olmadan bazara çıxarılan məhsulların istehlakı risklidir”.
Sonda ekspert istehlakçılara tövsiyə edib ki, çiyələk alarkən onun görünüşünə, qoxusuna və ölçüsünə diqqət etsinlər, mümkün qədər mövsümi və yerli məhsullara üstünlük versinlər.























