Dünya liderləri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini bərpa etmək üçün hərəkətə keçib. Parisin ev sahibliyi etdiyi videokonfransda regionda sülhün qorunması üçün çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi müzakirə olunur.
Referans Media xəbər verir ki, bu barədə məlumatı “Rai News 24” telekanalı yayıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin həmsədrlik etdiyi zirvə toplantısında Avropa, Asiya və Yaxın Şərqdən 30-a yaxın ölkə rəhbəri iştirak edir. Görüşün ən diqqətçəkən məqamı münaqişə tərəflərinin, yəni ABŞ, İsrail və İranın müzakirələrdən kənarda qalmasıdır. Ekspertlərin fikrincə, Avropa bu addımı ilə Vaşinqtonun kölgəsindən çıxaraq, beynəlxalq böhranlarda müstəqil oyunçu olduğunu nümayiş etdirməyə çalışır. İclasda Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcio Meloninin də iştirakı, qəbul ediləcək qərarların çəkisini artırıb.
Müzakirə olunan çoxmillətli hərbi missiya sırf müdafiə xarakteri daşıyacaq. Lakin bu qüvvələrin bölgəyə yerləşdirilməsi üçün mühüm şərtlər irəli sürülüb:
İran, ABŞ və İsrail arasındakı aktiv hərbi münaqişə tamamilə dayanmalıdır; İran ticarət gəmilərinə hücum etməyəcəyinə dair rəsmi öhdəlik götürməlidir; ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını qaldırmalıdır. Artıq hərbi hazırlıqların başladığı və gələn həftə hərbi rəhbərlərin texniki detalları dəqiqləşdirmək üçün Böyük Britaniyada bir araya gələcəyi bildirilib.
Parisdəki müzakirələrin digər mühüm bəndi humanitar vəziyyətlə bağlıdır. Fars körfəzində yüzlərlə gəmidə ilişib qalan 20 mindən çox dənizçinin aqibəti beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Liderlər blokada şəraitində qalan bu şəxslərin təhlükəsiz təxliyəsi və ya malların hərəkətinin təmin olunması yollarını axtarırlar.






















