Oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin ortastatistik oğlan abituriyentinin istəyi ən çox Riyaziyyat, fizika, mühəndislik (I qrup) və İqtisadiyyat və idarəetmə (II qrup) ixtisaslarınadır.
Referans Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Qeyd olunub ki, Azərbaycan bölməsində oğlanların 58.42%-nin, rus bölməsində isə 64.37%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib.
“Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisadiyyat və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, – 13 – oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir.
Ortastatistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri II ixtisas qrupuna daha çox maraq göstərirdilər və son illərdə onların bu ixtisas qrupuna meyli bir qədər azalıb. 2019-cu ildə rus bölməsindəki qız abituriyentlərin 19.37%-i, 2020-ci ildə 17.82%-i, 2021-ci ildə 20.10%-i, 2022-ci ildə 19.15%-i, 2023-cü ildə 19.04%-i, 2024-cü ildə 16.72%, 2025-ci ildə isə 16.86% II ixtisas qrupunu seçib.
IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından Azərbaycan bölməsində 3.3, rus bölməsində 2.5 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3.7 dəfə yüksək olub.
Cari ildə də V ixtisas qrupuna həm oğlan, həm də qız abituriyentlərin maraqları yüksək olub. V ixtisas qrupuna istəyin bu dərəcədə yüksək olması daha bu qrupa daxil olan ixtisasların müsabiqəsinin yalnız qəbul imtahanının I mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) nəticələri əsasında aparılmasıdır”, – məlumatda qeyd olunub.
