Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb.
Referans Media xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməlidir.
Hesabatda həmçinin vurğulanıb ki, II mərhələdə imtahan fənləri üzrə sıfır bal toplayanların əksəriyyəti Azərbaycan bölməsinin abituriyentləridir.
Rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsində I ixtisas qrupu üzrə kimya, informatika və fizika, II qrup üzrə riyaziyyat və coğrafiya, III qrup üzrə tədris dili, ədəbiyyat və coğrafiya, IV qrup üzrə isə kimya və biologiya fənlərindən sıfır bal toplayanların sayı daha çox olub.
