Şagirdlərdən sonra növbə MÜƏLLİMLƏRDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA

Milli Məclisin plenar iclasında “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov layihənin komitəyə müzakirə üçün daxil olduğunu bildirib:

“Məlum olduğu kimi, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi tədris prosesinə diqqətin yönəldilməsinə, təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıra biləcək vizual elementlərin minimuma endirilməsinə xidmət edir. Təhsil müəssisələrində tətbiq olunan yanaşmalar cəmiyyətin qəbul etdiyi etik davranış normaları, milli-mənəvi dəyərlər və müasir təhsil prinsipləri ilə uzlaşmalıdır. Təhsil müəssisələrində geyimlə bağlı vahid yanaşmanın tətbiqi dünyanın bir çox ölkələrində qəbul edilmiş təcrübə olmaqla yanaşı, təhsil mühitində peşəkar atmosferin formalaşdırılmasının mühüm elementlərindən biri hesab olunur. Azərbaycan dövləti ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin əsas istiqamətlərindəndir. Vahid geyim tələbləri kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir”.

Komitə sədri qeyd edib ki, məktəb təkcə bilik verən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur:

“Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin görünən təzahürlərinin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim məsələsi deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət olunması bütün şagirdlər və valideynlər üçün vacibdir. Məktəb müəllimlərinin vahid tələblərə uyğun geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsirləri var. Şagirdlər vahid məktəbli forması geyinirlərsə, müəllimlər üçün də müəyyən edilmiş geyim tələbləri məktəbin ümumi korporativ mədəniyyətinin tərkib hissəsi, daxili qaydalara hörmətin göstəricisi kimi qəbul edilməlidir. Müəllimin geyimi onun peşə fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda onlarda geyim mədəniyyətinə, üsluba və müxtəlif situasiyalara uyğun geyim seçiminə dair düzgün təsəvvür formalaşdırmalıdır”.

A.İsgəndərov bildirib ki, təhsil mühitində tətbiq olunan qaydaların səmərəli icrası məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsini tələb edir:

“Valideynlərin bu prosesə dəstəyi uşaqların məktəb mühitinə uğurlu adaptasiyasına mühüm töhfə verir”.

Komitə sədri əlavə edib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət siyasətinin millilik və dünyəvilik prinsipləri əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur:

“Belə ki, qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur”.

A.İsgəndərov qeyd edib ki, qanun layihəsi Elm və təhsil komitəsində geniş müzakirə edilib və plenar iclasın müzakirəsinə tövsiyə olunub.

Müzakirələrdən sonra layihə qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki