HƏRBÇİLƏRƏ ŞAD XƏBƏR: Maaşlar yenidən artırılır - Bu qayda ilə HESABLANACAQ

Azərbaycanda hərbi qulluqçuların maaşlarının hesablanması sistemində dəyişiklik ediləcəyi və əməkhaqqının müəyyənləşdirilməsində əsas meyar kimi hərbi rütbənin götürüləcəyi ilə bağlı iddialar müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, bu məlumatlar onlara da çatıb. Onun sözlərinə görə, rütbələrlə əlaqədar müəyyən standart maaşların təyin olunacağı bildirilir, lakin vəzifələrin necə nəzərə alınacağı və hansı diferensial yanaşmanın tətbiq ediləcəyi hələlik dəqiq məlum deyil.

Ekspert qeyd edib ki, uzun illər Silahlı Qüvvələrdə xidmət etmiş bir zabit kimi hesab edir ki, maaşların yalnız rütbələr əsasında müəyyənləşdirilməsi zabitlərin döyüş hazırlığına və mənəvi durumuna müsbət təsir göstərməyə bilər.

“Fikirləşin ki, döyüş bölgəsində xidmət edən mayorla arxa cəbhədə çalışan mayor eyni rütbə maaşı alır. Halbuki birinin xidməti birbaşa döyüş şəraitində, digərinin isə arxa təminat sahəsindədir. Əgər maaşlar yalnız rütbəyə görə hesablanarsa, bu, nizam-intizamın güclənməsinə, döyüş hazırlığının artırılmasına və mənəvi ruhun yüksəlməsinə müsbət təsir etməyəcək”, – deyə o bildirib.

Ramiz Şərifovun sözlərinə görə, əgər rütbə maaşları təyin edilərkən xidmət şəraiti, cəbhə bölgəsində fəaliyyət, məsuliyyət səviyyəsi və digər amillər nəzərə alınarsa, bu, fərqli yanaşma sayıla bilər.

Ekspert hesab edir ki, vəzifə maaşlarının saxlanılması və bu sistemin təkmilləşdirilməsi daha məqsədəuyğun olardı. Onun fikrincə, bu yanaşma zabitlərin təhsil almasına, peşəkar inkişafına və daha yüksək vəzifələrə yüksəlməsinə stimul yaradır.

“Zabit çalışır ki, öz üzərində işləsin, təhsil alsın və daha məsul vəzifələrə təyin olunsun. Bu da həm döyüş hazırlığının yüksəlməsinə, həm də şəxsi heyətin inkişafına təkan verir”, – deyə ekspert vurğulayıb.

Ramiz Şərifov əlavə edib ki, maaş sistemində xidmətin çətinliyi, məsuliyyət səviyyəsi və xidmət yeri nəzərə alınmalıdır. Onun fikrincə, zabitlər arasında fərqləndirmə mexanizmlərinin olması özünüinkişaf, təhsil və peşəkarlıq meylini artıran vacib amillərdən biridir.

Ekspert sonda qeyd edib ki, səsləndirdiyi fikirlər onun şəxsi mövqeyidir və yeni sistemin detalları məlum olduqdan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki