Azərbaycanda 2025-ci ilin yanvarın 1-dən iyulun 1-dək maqnitudası
3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl
çıxan statistikaya əsasən apardığı hesablamaya istinadən xəbər verir ki,
yeraltı təkanlardan 46-nın maqnitudası 3 və 3-dən yuxarı, üçünün maqnitudası
isə 4 və 4-dən yuaxrı yuxarı olub.
Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizi, Yardımlı,
Lerik, Cəlilabad, Lənkəran, Hacıqabul, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı,
İmişli, Kəlbəcər, Qaxda qeydə alınıb.
Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı
qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən
hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən
təkanlar qeydə alınır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik
ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan
dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq
Qulam Babayev Referans-a açıqlamasında ilin növbəti 6 ayının seysmik proqnozundan danışıb.
“Bu il ərzində biz maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər
müşahidə etmişik. Hər zaman öz müsahibələrimdə deyirəm ki, bu bir seysmik və
tektonik aktivlik dövrüdür. Nəinki Azərbaycanda, bütün dünyada biz bunu gördük.
Məsələn, Türkiyədə, Yunanıstanda və s. ərazilərdə bu baş verdi. Bu, dünya
miqyasında dövrülük prosesidir. Hesab edirəm ki, növbəti 6 ay ərzində də davam
edəcək. Azərbaycana gəldikdə isə mən hər zaman deyirəm ki, burada yerdəyişmə dinamikası
aktivdir amma elə də intensiv deyil. Ona görə də burada dağıdıcı, katostrafik
zəlzələlərin baş verməsi mümkün deyil. Çünki yerdəyişmə intensivliyi,
geodinamik şərait, dərinliklərdə baş verən proseslər başqa cür inkişaf edir.
Amma Azərbaycan ərazisi də bu fonda təbii ki, stabil, statik qala bilməz.
Növbəti zəlzələlər Türkiyədə, İranda, Gürcüstanda qaçınılmazdır. Beləliklə,
Azərbaycan da sabit qala bilməyəcək. Çünki bunlar qonşu seysmik plitələr və
ocaqlardır, bunlar daim hərəkətdədir. Azərabaycan da təbii ki, seysmik və tektonik
baxımdan hərəkətdə olacaq”.
Seysmoloq qeyd edib ki, hələ ki, tektonik və seysmik sabitlik görünmür. Bu dünya
miqyasında davam edir və Azərbaycan da bundan kənarda qala bilməz.
“Xəzər dənizi mürəkkəb tektonik, geodinamik, seysmik aktivliyə
malik regiondur. Burada geoloji pozuntular, tektonik qırılmalar, onların
qovşaqları mövcuddur. Bu ilin 6 ayı ərzində baş vermiş seysmik fon olduqca
təbiidir. Bundan sonrakı dövrdə də hiss olunan, maqnitudası 4-dən yuxarı, 5 bal
olan zəlzələlər gözlənilir. Böyük Qafqazın cənub-şərq yamacı aktiv ərazilərdən
biridir. Şamaxı-İsmayıllı, Şəki-Qəbələ, Oğuz ərazisi olduqca aktivdir. Amma
Kiçik Qafqazın şimal yamacı da bunan geri qalmır. Nisbətən sakit ərazi olaraq
Kür çökəkliyini qeyd edə bilərik”.
Fidan Vəlisoy