Azərbaycan qanunvericiliyinə əsasən, dinc dövrdə bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Məlumatına görə, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanlar, sağlamlıq vəziyyətinə görə xidmətə yararsız sayılanlar, 30 yaşı tamam olanadək xidmətə çağırılmamış şəxslər, alternativ xidmət keçənlər və əvvəllər başqa ölkədə hərbi xidmət keçmiş vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmırlar.
Azərbaycanla Ermənistan arasında müharibənin bitdiyini nəzərə alsaq ölkəmizdə hərbi xidmətlə bağlı hansı dəyişikliklərə ehtiyac var. Qanunla kimlər hərbi xidmətdən azad olunur və ya olunmalıdır.
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Mətləb Məmmədov Referans- a açıqlamasında bildirib ki, Azərbaycanda hərbi xidmət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanuna əsasən, müəyyən şəxslər hərbi xidmətdən azad olunur və ya müvəqqəti olaraq təxirə salınır.
Sağlamlıq vəziyyətinə görə yararsız olanlar və eləcə də hərbi-həkim komissiyasının qərarı ilə “hərbi xidmətə yararsız” sayılan şəxslər tamamilə hərbi xidmətdən azad olunur. Əvvəllər digər ölkədə hərbi xidmət keçmiş şəxslər Azərbaycan vətəndaşlığını qəbul edən şəxs, əgər o, başqa dövlətdə qanuni qaydada müvafiq hərbi xidmət keçibsə, Azərbaycanda xidmətə çağırılmır. Məcburi köçkün və ya şəhid ailəsi üzvlərinin bəziləri də hərbi xidmətdən azad edilir.
Bəzi hallarda, ailədə şəhid olmuş şəxsin qardaşı və ya yeganə oğul övladına bu güzəşt şamil olunur. Həmçinin Azərbaycan qanunvericiliyinə əsasən elmi dərəcəsi olanlar xüsusən də dövlət üçün vacib elm sahələrində çalışan bəzi şəxslərə hərbi xidmətdən daimi azadolma və ya təxirə salınma verilə bilər.
Ekspert onu da bildirib ki, bu kimi hallar yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Hərbi xidmətdən müvəqqəti təxirə salınanlar isə hərbi xidmətdən azad edilmir, amma müvəqqəti çağırışdan azad yəni, təxirə salınmış sayılırlar.
“Məlumdur ki, ali və orta ixtisas təhsili alan tələbələr təhsil müddətinə görə hərbi möhlət hüququna malikdir. Ailəsində əmək qabiliyyətli yeganə şəxs olanlar haqqında da eyni sözləri deyə biləri”, – deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans
