Azərbaycanda ailə münasibətlərində hüquqi məsuliyyətlər təkcə uşaqlar üçün deyil, valideynlər üçün də önəmlidir. Ailə Məcəlləsinə görə, valideynlər övladlarının tərbiyəsinə, təhsilinə və inkişafına görə məsuliyyət daşıyır. Lakin bəzən vəziyyət dəyişir — valideyn yaşlanır, əmək qabiliyyətini itirir və yardıma ehtiyacı olur.
Bəs bu zaman övlad valideyninə aliment ödəməyə borcludurmu? Bu sualı Referans üçün Mediasiya Mərkəzinin hüquqşünası Qasım Şalıyev cavablandırıb. Hüquqşünas bildirib ki, Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan, yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamağa borcludurlar. Nikah pozulduqdan sonra belə, valideynin uşağın saxlanmasına dair vəzifəsi qalır. Əgər valideynlik hüququndan məhrum edilmiş olsa belə, aliment öhdəlikləri davam edir.
Qasım Şalıyevin sözlərinə görə, alimentin məbləği tərəflər arasında razılaşma əsasında müəyyən oluna bilər. Əgər razılaşma baş tutmazsa, məsələ məhkəmə yolu ilə həll olunur. Məhkəmə, tərəflərin maddi vəziyyəti və digər ailə halları nəzərə alınmaqla sabit məbləğdə aliment müəyyən edir. Bu, uşaqlara münasibətdə gəlirin müəyyən faizi ilə hesablandığı hallardan fərqlidir.
Bəs istisna hallar varmı?
Vəkil həmçinin deyib ki, valideyn əgər övladına qarşı öz vəzifələrini kobud şəkildə pozubsa — məsələn, onu tərk edibsə və ya valideynlik hüququndan məhrum edilibsə, bu halda övlad aliment ödəməkdən azad oluna bilər. Əgər məhkəmə müəyyən edərsə ki, valideyn öz valideynlik borcunu yerinə yetirməyib, o zaman övlad onu saxlamağa məcbur deyil.
“Beləliklə, övladın valideynə aliment ödəməsi konkret şərtlər və qanuni əsaslara bağlıdır. Hər bir halda, ailədaxili məsuliyyətlər və qarşılıqlı hörmət bu münasibətlərin əsasını təşkil edir”,- deyə Qasım Şalıyev əlavə edib.
Gülgəz Qədirova
Referans