TƏBİB beynəlxalq əməkdaşlığın inkişafı, qabaqcıl tibbi təcrübələrin ölkədə tətbiqinin təşviqi və peşəkar institusional əlaqələrin gücləndirilməsi istiqamətindəki ardıcıl işlərə davam edir.
Referans Media xəbər verir ki, bu istiqamətdə Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti və Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə TƏBİB-in rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin rəhbərlik etdiyi xarici nümayəndə heyəti və digər mütəxəssislər iştirak edib.
Görüş zamanı insult və digər neyrovaskulyar xəstəliklər üzrə klinik məlumatların vahid reyestrdə toplanmasını nəzərdə tutan “Caspian Neurovascular Outcomes Registry” layihəsi təqdim olunub. Layihənin müalicə nəticələrinin qiymətləndirilməsi, elmi tədqiqatların dəstəklənməsi və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Tərəflər tibb işçilərinin Almaniyada ixtisasartırma proqramlarında iştirakı, yerli mütəxəssislər üçün təlimlərin təşkili, peşəkar bilik mübadiləsinin genişləndirilməsi, habelə insult xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Almaniya təcrübəsinin tətbiqi imkanlarını müzakirə ediblər.
Əməkdaşlıq çərçivəsində professor Nuran Abdullayevin iştirakı ilə Yeni Klinikada tibbi konsilium da keçirilib. Konsilium zamanı mürəkkəb klinik-radioloji hallar müzakirə edilib, həmçinin radiologiya xidmətlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, skrininq proqramlarının tətbiqi, o cümlədən referans mərkəz modelinin inkişafı mövzuları danışılıb. Professor Yeni Klinikanın İnsult Mərkəzi və Angioqrafiya bölməsinin fəaliyyəti ilə də tanış olub.








