ABŞ Prezidenti Donald Trump Cenevrədə keçiriləcək nüvə danışıqları ərəfəsində İrana “daha məntiqli davranmaq” çağırışı edərək bildirib: “Razılaşma etməməyin nəticələrini görmək istəmədiklərini düşünürəm, məncə onlar razılaşma əldə etmək istəyirlər.”
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Tramp istirahətini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib.
İranla Cenevrədə keçiriləcək danışıqlara toxunan Tramp prosesə yaxından nəzarət etdiyini və görüşlərdə dolayı yolla iştirak edəcəyini bildirib.
Danışıqlarla bağlı “Bu görüşlər çox önəmli olacaq. Nə baş verəcəyini görəcəyik. İran adətən çox sərt danışıqlar aparan tərəfdir” deyən Tramp əlavə edib: “Ümid edirəm ki, daha məntiqli olarlar. Razılaşma etməməyin nəticələrini görmək istəmədiklərini düşünürəm, məncə razılaşma əldə etmək istəyirlər.”
Tramp qeyd edib ki, İranın daha əvvəl razılaşma imzalamaq imkanı olub, lakin bundan istifadə etməyib və bunun nəticəsində B-2 təyyarələrini göndərmək məcburiyyətində qalıblar. ABŞ Prezidenti vurğulayıb ki, İranın nüvə silahı potensialına sahib olmasına icazə verməyəcəklər.
