Dünya bu zəhərdən danışır: Navalnı iddiası beynəlxalq qalmaqala çevrildi

Rusiyada müxalif siyasətçi **Aleksey Navalnı**nin 2024-cü ildə Sibir həbsxanasında 47 yaşında vəfat etməsi yenidən dünya gündəmini silkələyib. Rusiya tərəfi ölüm səbəbinin yüksək təzyiq olduğunu açıqlasa da, Böyük Britaniya, Almaniya, Fransa, İsveç və Niderland rəsmiləri Navalnının “epibatidin” adlı nadir qurbağa zəhəri ilə öldürüldüyünü iddia ediblər. Moskva bu ittihamları “Qərb uydurması” adlandıraraq rədd edir.

Referans Media bildirir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya isə ərinin zəhərləndiyinin iki müstəqil laboratoriyada təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, bioloji nümunələr gizli şəkildə ölkə xaricinə çıxarılıb və analizlər nəticəsində zəhərlənmə faktı sübuta yetirilib.

Epibatidin nədir? İddialara görə istifadə olunduğu bildirilən epibatidin, Cənubi Amerikanın – xüsusilə Ekvadorun tropik meşələrində yaşayan Epipedobates tricolor adlı zəhərli ox qurbağasının dərisində rast gəlinən güclü neyrotoksindir.

Morfindən təxminən 200 dəfə güclü təsirə malikdir. Sinir sistemini iflic edərək tənəffüsü dayandırır. Həddindən artıq toksik olduğuna görə dərman kimi istifadəsi mümkün olmayıb. Qaz xromatoqrafiyası və kütlə spektrometriyası ilə aşkarlana bilir. Antidot kimi yüksək təzyiq müalicəsində istifadə olunan mekamilamin göstərilir.

Ekspertlər bildirirlər ki, belə maddənin istifadəsi sübut olunarsa, bu, 1972-ci il Biologiya və Toksin Silahlar Konvensiyası və 1993-cü il Kimyəvi Silahlar Konvensiyasının pozulması demək ola bilər.

İlk zəhərlənmə deyildi

Navalnı 2020-ci ildə də sinir qazı ilə zəhərlənmiş, təyyarədə halı pisləşdikdən sonra Almaniyada müalicə alaraq sağalmışdı. 2021-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən həbs edilmiş və həbsxana prosesi 2024-cü ildə ölümü ilə başa çatmışdı.

Qlobal rezonans

Hadisə beynəlxalq münasibətlərdə yeni gərginlik dalğası yaradıb. Qərb ölkələri məsələ ilə bağlı araşdırma tələb edir, Rusiya isə ittihamları qəti şəkildə rədd edir.

Əgər epibatidin iddiası təsdiqlənərsə, bu, təkcə bir siyasi qətl deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması kimi tarixə düşə bilər. Dünya isə indi bir sual ətrafında birləşib: Navalnı həqiqətən bu ölümcül qurbağa zəhəri ilə öldürülübmü?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki