Dünya şokda: MKİ Çin xalqına müraciət etdi – Anonim olun, bizə yazın

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çin hökuməti ilə bağlı məxfi məlumatlara sahib olan Çin vətəndaşlarına müraciət edərək, bu məlumatları təhlükəsiz şəkildə özləri ilə paylaşmağa çağırıb.

Referans Media xəbər verir ki, MKİ sosial media hesablarında yayımladığı Çin dilində video-müraciət vasitəsilə Çin Xalq Respublikasının sədri Si Cinpin hökuməti haqqında məlumat ötürmək istəyən şəxslər üçün ətraflı təlimatlar təqdim edib. Videoda bildirilib: “MKİ Çinə dair həqiqətləri bilmək istəyir. Bizə real məlumatları çatdıra biləcək insanları axtarırıq.”

Gizli məlumatların ötürülməsi üçün addımlar

Paylaşılan videoda potensial məlumat mənbələrinə təhlükəsizlik baxımından bir sıra tövsiyələr verilib. Bunlara ictimai Wi-Fi şəbəkələrindən istifadə, şəxsi olmayan cihazların seçilməsi, VPN proqramlarından yararlanmaq, izlənə bilən tətbiqlərdən uzaq durmaq və məlumatların MKİ-nin rəsmi internet saytı üzərindən göndərilməsi daxildir. Həmçinin əlaqə qurulduqdan sonra bütün rəqəmsal izlərin silinməsi tövsiyə olunur.

Videoda qeyd edilir ki, məlumat ötürəcək şəxslər şəxsi məlumatlarını paylaşmadan, nağd pul və ya hədiyyə kartları ilə yeni və ya ikinci əl cihazlar ala bilərlər. İkinci əl cihazlardan istifadə edilərsə, onların mütləq zavod ayarlarına qaytarılması tövsiyə olunur.

Anonimlik əsas şərt kimi vurğulanır

MKİ anonim əlaqə üçün ictimai məkanda yerləşən Wi-Fi şəbəkələrinin, ABŞ və ya Qərb mənşəli brauzer və VPN proqramlarının, eləcə də yalnız MKİ ilə əlaqə üçün yaradılmış anonim e-poçt ünvanlarının istifadəsini tövsiyə edir. Eyni zamanda bu proseslərin imkan daxilində ölkə xaricinə çıxıldıqdan sonra həyata keçirilməsi daha təhlükəsiz hesab olunur.

Videoda həmçinin bildirilir ki, məlumat göndərildikdən sonra MKİ daxil olan informasiyanı qiymətləndirəcək və bu müddətdə müraciət edən şəxslərin gündəlik həyatlarına normal şəkildə davam etmələri məsləhət görülür.

Qeyd edək ki, MKİ ötən il də oxşar video yayımlayaraq Çin vətəndaşlarını ölkənin iqtisadiyyat, maliyyə, ticarət, müdafiə sənayesi, milli təhlükəsizlik, diplomatiya, elm və yüksək texnologiyalar sahələrinə dair məlumatları paylaşmağa çağırmışdı. Bu isə Vaşinqton–Pekin xəttində informasiya və kəşfiyyat mübarizəsinin daha da intensivləşdiyini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki