Dünyanı lərzəyə salan 'Bot Ordusu' Azərbaycana çatdı: Hədəfdə kimlər var?

Qlobal internet trafikində botların payı 16,6 faiz olduğu halda, Azərbaycanda bu göstərici 7,86 faiz təşkil edir. Bəs bu fərq nə ilə bağlıdır?

Mövzu ilə bağlı Referans Media-ya danışan İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, bu göstərici kifayət qədər maraqlıdır və ilk baxışdan Azərbaycanın qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə aşağı nəticə göstərdiyi görünür. Onun sözlərinə görə, bu fərqi yalnız bir amillə izah etmək düzgün olmaz.

Ekspert qeyd edib ki, bot trafiki internet ekosisteminin inkişaf səviyyəsi, elektron ticarətin həcmi, rəqəmsal xidmətlərin müxtəlifliyi və onlayn platformaların populyarlığı ilə birbaşa əlaqəlidir:

"İnkişaf etmiş ölkələrdə axtarış sistemləri, məlumat toplama xidmətləri, süni intellekt əsaslı platformalar və müxtəlif avtomatlaşdırılmış sistemlər daha intensiv fəaliyyət göstərdiyindən bot trafikinin payı da yüksək olur."

Kamran Əsədullayevin sözlərinə görə, Azərbaycanda internet trafikinin böyük hissəsi real istifadəçilər tərəfindən yaradılır:

"Elektron ticarət, bulud xidmətləri və böyük həcmli rəqəmsal platformalar qlobal bazarlarla müqayisədə daha məhdud olduğundan botların yaratdığı trafik nisbətən aşağı görünür. Bu baxımdan 7,86 faizlik göstərici qeyri-adi hesab edilmir."

Mütəxəssis vurğulayıb ki, statistik fərqlər ölçmə metodologiyasından da qaynaqlana bilər. Onun sözlərinə görə, müxtəlif hesabatlarda botların aşkarlanması üçün fərqli alqoritmlər və meyarlardan istifadə edilir.

"Bəzi botlar faydalı məqsədlərlə – məsələn, axtarış sistemlərinin indeksləşdirilməsi və ya xidmətlərin monitorinqi üçün fəaliyyət göstərir, digərləri isə zərərli fəaliyyətlər həyata keçirir. Ona görə də rəqəmləri qiymətləndirərkən onların hansı metodologiya ilə əldə edildiyini nəzərə almaq vacibdir."

Kamran Əsədullayev hesab edir ki, Azərbaycanın göstəricisinin aşağı olması daha çox ölkədə internet trafikinin strukturundan və rəqəmsal bazarın xüsusiyyətlərindən irəli gəlir.

"Lakin süni intellekt texnologiyalarının, elektron xidmətlərin və avtomatlaşdırılmış sistemlərin genişlənməsi ilə yaxın illərdə bot trafikinin payının artacağını gözləmək olar. Əsas məsələ botların sayından çox, onların hansı məqsədlə istifadə olunması və kibertəhlükəsizlik baxımından nə dərəcədə nəzarətdə saxlanılmasıdır."

Ekspertin fikrincə, bot trafiki göstəricilərinə yalnız risk faktoru kimi deyil, həm də ölkənin rəqəmsal transformasiya səviyyəsini əks etdirən vacib indikatorlardan biri kimi yanaşmaq lazımdır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki