Son illər qlobal maliyyə bazarlarında faiz dərəcələrinin kəskin enməsi fonunda Avropa ölkələrində kreditlərin 2-4 faiz aralığında təqdim olunması diqqət çəkir. Bu vəziyyət Azərbaycanda da oxşar şərtlərin formalaşmasının mümkün olub-olmaması ilə bağlı müzakirələri aktuallaşdırıb. Xüsusilə yüksək kredit faizlərindən şikayət edən vətəndaşlar üçün bu fərq ciddi suallar doğurur: görəsən, ölkədə kreditlərin ucuzlaşması üçün iqtisadi əsaslar varmı, yoxsa mövcud reallıq buna imkan vermir?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bunun əsas səbəbi bank resurslarının maya dəyərinin yüksək olmasıdır.
Onun sözlərinə görə, banklar kreditləri öz vəsaitləri hesabına deyil, əsasən əmanətlər əsasında formalaşdırır.
“Hazırda vətəndaşlar banklara əmanətlərini təxminən 12 faizlə yerləşdirirlər. Bank 12 faizlə cəlb etdiyi vəsaiti 2-4 faizlə kredit kimi verə bilməz. Banklar həmçinin əməliyyat xərclərini və gəlirlərini də nəzərə alaraq kreditləri ən azı 15-16 faizlə təklif edirlər”.
Əkrəm Həsənov vurğulayıb ki, kredit faizlərinin aşağı düşməsi üçün ilk növbədə əmanət faizləri enməlidir.
“Lakin bu halda da vətəndaşların aşağı gəlirli əmanətlərə marağı azalacaq. Azərbaycanda heç kim vəsaitini aşağı faizlə banka yerləşdirmək istəmir. Bu isə prosesin ikitərəfli xarakter daşıdığını göstərir”.
Ekspertin fikrincə, məhz bu səbəbdən ölkədə əmanət faizlərinin artması kredit faizlərinin də yüksək səviyyədə qalmasını şərtləndirir.























