Ekvador Prezidenti Noboa artan zorakılıq hadisələrini əsas gətirərək 10 əyalət və 3 qəsəbədə 60 günlük fövqəladə vəziyyət elan edib.
Referans Media xəbər verir ki, Prezident Nobuanın imzaladığı fərman əsasında “ciddi daxili qarışıqlıqlar” səbəbilə 10 əyalət və 3 qəsəbədə 60 gün müddətinə fövqəladə vəziyyət tətbiq olunub.
Fərmanda bildirilib ki, fövqəladə vəziyyət təhlükəsizlik qüvvələrinə həmin bölgələrdə “daxili təhlükəsizliyi təmin etmək, ictimai asayişi və vətəndaş təhlükəsizliyini bərpa etmək, qorumaq və nəzarətdə saxlamaq” məqsədilə geniş müdaxilə səlahiyyətləri verir.
Qeyd olunub ki, bu qərar “xalqın hüquq, azadlıq və təminatlardan istifadə etməsinə mənfi təsir göstərən bütün cinayət və qanunsuz fəaliyyətlərin qarşısının alınması, onlarla mübarizə aparılması və zərərsizləşdirilməsi” məqsədi daşıyır.
Fərman mənzil toxunulmazlığını da müvəqqəti olaraq dayandırır. Bu isə təhlükəsizlik qüvvələrinə qanunsuz fəaliyyət göstərildiyindən şübhələnilən özəl evlərə müdaxilə etmək və həmin məkanlara daxil olmaq imkanı yaradır.Prezident Noboa daha əvvəl də müxtəlif dövrlərdə üç dəfə fövqəladə vəziyyət elan etmişdi.
Ekvador Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə 2025-ci ili təxminən 9 min 300 qətl hadisəsi ilə rekord səviyyədə cinayət göstəricisi ilə başa vurub.
Bu statistika Ekvadoru qətl göstəricilərinə görə Latın Amerikasında ən riskli ölkələrdən birinə çevirib.
