Elektronika mağazalarında şok: Alıcılar diqqətli olsun – Antiinhisar xəbərdarlıq etdi

Elektronika bazarında son dövrlər geniş yayılan “faizsiz, komissiyasız və ilkin ödənişsiz kredit” vədləri alıcıların diqqətini cəlb etsə də, reallıqda fərqli mənzərə ilə qarşılaşanların sayı artır. Mağazaya yaxınlaşdıqda bəzi hallarda bu təkliflərin şərtləri dəyişir, “faizsiz kredit” adı altında isə əlavə ödənişlər ortaya çıxır.

Belə ki, müəyyən hallarda məhsulun qiymətinə gizli şəkildə yüksək komissiyalar əlavə olunur və bu da yekun məbləğin ciddi şəkildə artmasına səbəb olur. Nəticədə, ilkin baxışda sərfəli görünən təkliflər istehlakçı üçün daha baha başa gəlir və bu cür yanaşma bazarda qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı Referans Media-ya verilən açıqlamada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklamlarla bağlı mühüm məqamları diqqətə çatdırıb.

Bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq yaratmamalıdır. Əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan məlumat verildikdə bu, qeyri-dəqiq reklam hesab olunur və buna yol verilmir.

Açıqlamada qeyd olunub ki, qiymət dəyişikliyi və ya endirim kampaniyaları ilə bağlı reklamlarda kampaniyanın başlanma tarixi, müddəti, qiyməti dəyişdirilən məhsulların siyahısı, eləcə də həmin məhsulların mövcud qiyməti açıq şəkildə göstərilməlidir. Bundan əlavə, qiymətin əvvəlki qiymətlə müqayisədə mütləq və ya nisbi ifadədə dəyişməsi də mütləq qeyd olunmalıdır.

Qurumdan vurğulanıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, reklam qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilərlər.

Həmçinin bildirilib ki, istehlakçılar reklam qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda (açıq məkanda reklam istisna olmaqla) müvafiq quruma rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə müraciət edə bilərlər.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki