Engin Polat hədəf imiş: Qatilin etirafı istintaqı silkələdi - VİDEO

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunun Alaçatı qəsəbəsində istirahətdə olan Dilan və Engin Polat ailəsinə qarşı silahlı hücum baş verib. Hadisə nəticəsində ailənin mühafizəçisi və Engin Polatın əmisi oğlu Can Polat həyatını itirib.

Referans Media xəbər verir ki, hadisə otelin qarşısında qeydə alınıb. İddialara görə, ailə oteldən ayrılmağa hazırlaşarkən əşyaları avtomobilə daşıyan 37 yaşlı Can Polat silahlı hücuma məruz qalıb. Şahidlərin sözlərinə görə, şübhəli şəxs səhər saatlarından etibarən ərazidə gözləyərək ailəni izləyib.

Atəş açıldıqdan sonra ağır yaralanan Can Polat yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İzmir polisi hadisədən dərhal sonra əməliyyata başlayaraq 23 yaşlı S.A.-nı cinayətdə istifadə edildiyi bildirilən silahla birlikdə saxlayıb. Faktla bağlı genişmiqyaslı istintaq aparılır.

Türkiyə mediasında yer alan məlumatlara görə, saxlanılan şəxs ilkin ifadəsində hücum tapşırığını "Daltonlar" kimi tanınan cinayətkar qrupdan aldığını bildirib. İddialara əsasən, əsas hədəfin Engin Polat olduğu, lakin güclü mühafizə səbəbindən ona yaxınlaşmağın mümkün olmadığı üçün Can Polatın hədəf seçildiyi irəli sürülür.

Digər diqqətçəkən iddiaya görə, hücumu planlaşdıran şəxslər Polat ailəsinin yerləşdiyi məkanı Dilan Polatın sosial şəbəkə paylaşımları vasitəsilə müəyyən ediblər.

Məlumatların rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənmədiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki