Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər iki ölkə arasındakı münasibətlərin normallaşması prosesi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Referans Media xəbər verir ki, telefon danışığı zamanı Nikol Paşinyan Prezident Ərdoğanın Qurban bayramını təbrik edib, ona və türk xalqına xoş arzularını çatdırıb.
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Prezident Ərdoğan iki ölkə arasında birbaşa ticarət əlaqələrinin qurulması istiqamətində görülən işlərin normallaşma prosesinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Tərəflər həmçinin regional məsələləri də müzakirə ediblər. Ərdoğan bildirib ki, Türkiyə Cənubi Qafqazda və bütövlükdə regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması üçün səylərini davam etdirir.
Türkiyə lideri qeyd edib ki, bölgədə sülh və rifahın möhkəmlənməsinə xidmət edən bütün təşəbbüslər Ankara tərəfindən dəstəklənəcək. Telefon danışığında dialoqun və qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyi də vurğulanıb.
Müşahidəçilərin fikrincə, Ərdoğan və Paşinyan arasında baş tutan bu təmas Ankara-İrəvan münasibətlərinin normallaşması istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.
