Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyi ilə bağlı müzakirələrə Prezidentin Baş müşaviri və Prezident Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum aydınlıq gətirib.
Referans Media xəbər verir ki, Mehmet Uçum qələmə aldığı məqalədə mövcud Prezident İdarəetmə Sistemində hüquqi baxımdan “erkən seçki” anlayışının olmadığını, bunun əvəzinə “seçkilərin yenilənməsi” mexanizminin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, həm prezident, həm də Türkiyə Böyük Millət Məclisi (TBMM) müəyyən şərtlər daxilində seçkilərin yenilənməsi barədə qərar qəbul edə bilər. Uçum vurğulayıb ki, bu mexanizm yalnız müstəsna hallarda tətbiq olunmalıdır.
Baş müşavir bildirib ki, Türkiyədə hazırda erkən seçkiləri zəruri edən fövqəladə siyasi böhran yoxdur. O, regional təhlükəsizlik problemləri, müharibələr və “Terrorsuz Türkiyə” prosesi kimi mühüm məsələlərin fonunda ölkənin erkən seçki gündəmi ilə məşğul edilməsinin doğru olmadığını qeyd edib.
Mehmet Uçum Prezident Ərdoğanın yenidən namizədliyi üçün yeni konstitusiya və ya konstitusiya dəyişikliyinə ehtiyac olmadığını da vurğulayıb. O bildirib ki, TBMM seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, Ərdoğan Konstitusiyada nəzərdə tutulan “müstəsna namizədlik” hüququndan istifadə edərək sonuncu dəfə prezidentliyə namizəd ola bilər.
“Prezident Ərdoğanın yenidən prezident olmasına deyil, Türkiyənin Ərdoğanın təcrübəsinə və liderliyinə ehtiyacı var”, – deyə Mehmet Uçum bildirib.
Baş müşavir mümkün seçki tarixi ilə bağlı da ilk dəfə konkret tarix səsləndirib. Onun sözlərinə görə, TBMM 2028-ci ilin fevral ayının ikinci həftəsində seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, növbəti ümumi seçkilər 16 aprel 2028-ci ildə keçirilə bilər.
Uçum qeyd edib ki, bu tarix həm də Prezident Hökuməti Sisteminin referendumla qəbul olunduğu 16 aprel gününün ildönümünə təsadüf etdiyindən simvolik məna daşıyır.
O əlavə edib ki, hakim Cumhur İttifaqında Ərdoğanın yenidən namizədliyi ilə bağlı siyasi iradə açıq şəkildə görünür, lakin məsələnin 2027-ci ilin sonunadək rəsmi gündəmə çevrilməsi gözlənilmir.
