Ermənistanda seçki marafonu son on günlüyə daxil olub. Vaxt azaldıqca, mübarizə daha da qızışır. Bununla belə, rəqiblərin güc balansı və şansları geniş müzakirə olunur.
Bəzi sorğularda naş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyası öndə görünsə də, Rusiya yönümlü müxalifətin də xalqdan ciddi dəstək aldığı bildirilir.
Qüvvələr nisbəti necədir? Seçkidə Nikol Paşinyan qalib gələrsə, hansı addımları atacaq? Kütləvi həbslər başlayacaq?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, qüvvələr nisbətini iki kriteriya üzrə hesablamaq olar:
“Birincisi sosioloji sorğulardır. Bir neçə sorğu var ki, orada fərqli rəqəmlər səslənsə də, ümumi gedişat Nikol Paşinyanın qalib gəlmək şansının çox yüksək olduğunu göstərir. Lakin onun hansı faizlə qalib gələcəyi bəlli deyil. Müxalifətdən parlamentə iki və ya üç partiyanın daxil olması ehtimal edilir. Əsas proseslərin istiqaməti bundan ibarətdir.
İkinci kriteriya isə vizual baxışdır. Bu günə qədər kimin əhalinin dəstəyini nə qədər toplaya bildiyini müşahidə edə bilirik. Paşinyan prosesdə öncüllüyünü qoruyub saxlayır. İnzibati resurs da burada öz rolunu oynayır. Amma müxalifət partiyaları da kifayət qədər fəal görüşlər keçirirlər.
Seçkiqabağı dövrdə Paşinyan əlində olan bütün inzibati resurslardan, xüsusilə hüquq-mühafizə orqanlarından siyasi müxalifətə qarşı istifadə edə bilib. Ermənistanda həbslər müşahidə olunur. Böyük ehtimalla seçkidən sonra da bu proses davam edəcək. Nəzərə almaq lazımdır ki, əsas maddə seçki korrupsiyasıdır. Bu cinayət əsasən seçki ərəfəsində və seçki günü baş verir. Kütləvi həbsləri də məhz buna görə seçki günü müşahidə edə bilərik.
Ən vacib məqam isə seçki günü və ondan sonrakı iki-üç gün ərzində iğtişaşların baş vermə ehtimalıdır. Önləyici addım kimi bu iğtişaşları törədə biləcək şəxslər seçki gününə qədər saxlanıla bilərlər”.
