Əsgər gedəcəklərə VACİB XƏBƏR: Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq

Azərbaycanda ödənişli hərbi xidmət modelinin tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Mövzunun həm sosial ədalətə, həm də ölkənin müdafiə qabiliyyətinə təsiri ilə bağlı fərqli yanaşmalar səsləndirilir.

Referans Media-ya açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, ödənişli hərbi xidmət müddətli xidmətə aid olduğu üçün müəyyən risklər qaçılmazdır.

Ekspertin sözlərinə görə, əsas narahatlıq sosial ədalət prinsipi ilə bağlıdır:
“Burada risk var. Bəzi hallarda düzgün qiymətləndirilir ki, kimin pulu var, o xidmət etməyəcək. Bu da müəyyən təbəqələrin silahlı qüvvələrdən yayınmasına gətirib çıxara bilər”.

Bununla yanaşı, Ramiz Şərifov peşəkar ordu modelinin üstünlüklərinə də diqqət çəkib. O qeyd edib ki, müddətdən artıq hərbi xidmətçilər, gizirlər və zabitlərin sayının artırılması ordunun keyfiyyətini yüksəldir:
“Onların bilik və bacarıq səviyyəsi müddətli hərbi xidmətdən dəfələrlə üstündür”.

Ekspert hesab edir ki, ödənişli xidmətin geniş tətbiqi gələcəkdə ehtiyat qüvvələrin formalaşmasına mənfi təsir göstərə bilər:
“Bu sistemdə olan şəxslərin sayı çoxalsa, ehtiyat qüvvələrin yaranmasında çətinlik yarana bilər”.

Bu risklərin qarşısını almaq üçün o, müəyyən hazırlıq mexanizmlərinin tətbiqini vacib sayır. Onun fikrincə, ödənişli xidmətə cəlb olunan şəxslər minimum müddətdə hərbi hazırlıq keçməlidirlər:
“Bu şəxslər ən azı 2-3 ay müddətində toplanışa və xidmətə çağırılmalı, silahlı qüvvələrin ümumi nizamnamələrini öyrənməli, döyüş hazırlığına yiyələnməlidirlər. Atıcı silahların istifadəsi, sökülüb-yığılması və əsas hərbi biliklər onlara mütləq öyrədilməlidir”.

Sonda ekspert vurğulayıb ki, bu modelin uğurlu tətbiqi ölkənin iqtisadi inkişaf səviyyəsindən və peşəkar ordu quruculuğunun necə təşkil olunmasından birbaşa asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki