Demet Özdemir sosial mediada ona ünvanlanan tənqidlərə sərt reaksiya verib. Aktrisa son günlər baş verən məktəb hücumlarından sonra paylaşdığı məzmun səbəbilə tənqid olunmuşdu.
Referans Media xəbər verir ki, hadisə Kahramanmaraş və Şanlıurfada baş verən və çox sayda insanın həyatını itirdiyi məktəb hücumlarından sonra sosial şəbəkələrdə yaranan gərginlik fonunda gündəmə gəlib.
Demet Özdemir ona qarşı yönələn tənqidlərə cavab verərək sosial mediada “linç kampaniyası” aparıldığını iddia edib:
“Linç kampaniyalarınızı 2 dəqiqə dayandırın. Əslində vacib olan nədir, hamımız bilirik. Yazıq sizə. Sizin adınıza mən utandım.”
Aktrisa daha sonra paylaşımında hadisələrdən dərin kədər duyduğunu bildirib və məktəblərin uşaqlar üçün ən təhlükəsiz məkan olması gərəkdiyini vurğulayıb:
“Uşaq üçün məktəb evdən sonra ən təhlükəsiz sığınacaqdır. Belə olmalıdır. Çox üzgünəm, artıq söz tapa bilmirəm.”
Hadisələrdən sonra sosial şəbəkələrdə televiziya seriallarında şiddət səhnələrinin azaldılması və ya ləğv edilməsi ilə bağlı müzakirələr də başlayıb. Bir çox istifadəçi bu məzmunların gənclərə mənfi təsir etdiyini iddia edir.























