Türkiyənin Bursa vilayətinin İznik rayonunda məşhur “Eşref Rüya” serialının sevilən obrazı “Eşref Tek” üçün qeyri-adi anım mərasimi keçirilib.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, serial ssenarisinə əsasən, obrazın “ölümü”ndən sonra pərəstişkarlar İznik Ayasofya Məscidinin qarşısında toplaşaraq ehsan paylayıblar.
İştirakçılar həm lokma paylayıb, həm də obraz üçün dua ediblər. Bəzi vətəndaşların əllərini açaraq dua etməsi və emosional anlar yaşaması diqqət çəkib.
Mərasimə qatılan Əli Karaman əvvəlcə aktyorun real həyatda vəfat etdiyini düşündüyünü, daha sonra isə bunun yalnız serialdakı ssenari olduğunu öyrəndiyini bildirib: “Əvvəlcə həqiqətən öldüyünü sandım, sonra serialda olduğunu bildim. Çox təəccübləndim”.
Hadisə sosial mediada da maraqla qarşılanıb və serial personajlarının tamaşaçılar üzərində yaratdığı təsirin növbəti nümunəsi kimi qiymətləndirilib.
