“Daha bir həkim ittiham olunur: qadını dünya işığına kor qoymaqda qınanılır. Ola bilər ki, bu belədir… Ya da ola bilər ki, yerli-dibli belə deyil. Məhkəmə, ekspertiza, şah olan qanun var. Bu, məsələnin bir tərəfi”.
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə yazıb.
O, həkimlərdən bəhs edərkən bunları əlavə edib:
“Onsuz son dönəm baş verənlər: kağız sertifikatlar, qanunsuz fəaliyyətlər, dolaşıq siyahı, dolaşa-dolaşa adını lupa ilə axtarıb tapmayanların aqibəti (xüsusi bir aqibət olmadı məncə, hərə öz işi ilə məşğuldur), evdar xalanın kosmetoloqa, anestezioloqun cərrahlığa transferinin şahidi olan gözlərimizi bir az da böyük açmağa vadar etdi.
Göz demiş, hərdən gözümüz lap bərələ qalır. Gördükcə düşünürsən: səhiyyəmizi kim silkələdi və ya kimlər gül kimi tibbimizi Kann festivalının “temu” variantina çevirdi.
Aqressiya, kin, qıcıq yarandı Hippokrata and içib, canımızı etibar etdiklərimizə. Nə üçün: o qədər sual var ki…
Dünən rəyləri oxuyuram: qadın dünya işığına tamarzı qalmasından danışır. Hamı səs-səsə verib həkimi qarğışlayır, qınayır, günahlandırır. Halbuki hələ həkimin nə günahının sübutu var, nə hansısa qərar, nə də həkimin açıqlaması var. Sadəcə, hamı döşəyir. Bir balta da mən vurum, fürsətdir misalı.
Deyim sizə bilin: Vallah, billah yaxşı həkimi çıraqla gəzirik. Ucuz reklamlarının sabun köpüklərində əriyəcək “şoubaz hoqqabazları” boş verin. Gecəsini gündüzünü, ömrünü bu ülvi peşəyə həsr etmişləri göz bəbəyimiz kimi qorumalıyıq. Özümüz, əzizlərimiz üçün… Xəstə ilə ölüb-dirilənlər var, azalır sayları, çox azalır. Heç bir həkim də Allah deyil axı… Bəzən olacağa çarə olmur”.
Rövşanə Ağasəfqızı verilən mükafatlardan da bəhs edib:
“Yadıma düşmüşkən: bu məzmunsuz həkim mükafatlandırma mərasimləri (hansı kriteriyalara, göstəticilərə əsasən seçilir o da bilinmir) 400, ya da 500 (baxır adamına) manatlıq taxtafason ödülləri əlinə verib, zər-zibalı həkimləri kamera qarşısında fır-fır fırlatmaqdansa, daha ciddi işlər görmək olar. Məsələn, həkimləri müdafiə cəmiyyəti və ya hüquqlarının qorunması ittifaqı. Mən məmmuniyyətlə yaradardım: qoşulmaq istəyən varsa, başlayaq…”/musavat.com