image-qezza-1backend

Fəlakət davam edir: Qəzzada ölənlərin sayı 71 mini ötdü

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olanların sayı son 48 saat ərzində 29 nəfər artaraq 71 min 266-ya yüksəlib.

“Referans MEDİA” Cagdas.az-a istinadən bildirir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin hücumları zamanı qeydə alınan son itkilər və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı yenilənmiş məlumatlar paylaşılıb.

Bildirilib ki, son 48 saat ərzində İsrail hücumları nəticəsində 25-i dağıntılar altından çıxarılmaqla ümumilikdə 29 fələstinlinin cənazəsi, həmçinin 8 yaralı xəstəxanalara çatdırılıb.

Açıqlamaya görə, atəşkəsin qüvvəyə minməsindən sonra baş verən hücumlar zamanı 414 nəfər həyatını itirib, 1142 nəfər yaralanıb, dağıntılar altından isə daha 679 nəfərin cəsədi çıxarılıb.

Sənəddə, həmçinin Məhkəmə-Tibbi Ekspertiza qurumunun itkin düşənlərlə bağlı sənədləri və daxil olan müraciətləri araşdıraraq 19–26 dekabr tarixləri arasında tamamladığı və təsdiqlədiyi məlumatlardan sonra ümumi ölənlərin sayına əlavə 292 nəfərin də daxil edildiyi qeyd olunub.

Beləliklə, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına qarşı apardığı hücumlar nəticəsində ölənlərin sayı 71 min 266-ya, yaralıların sayı isə 171 min 219-a çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki