Fidan, Gülər və Kalın Şamda səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar aparmaq məqsədilə Suriyaya səfər edib.

“Referans MEDİA” Türkiyə mətbuatına istinadən bildirir ki, görüşlərdə 8 dekabr tarixində Əsəd rejiminin devrilməsinin birinci ildönümündən sonrakı dövrdə planlaşdırılan səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzində siyasi, iqtisadi və təhlükəsizlik aspektlərində keçdiyi yolun hərtərəfli şəkildə dəyərləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Türkiyənin milli təhlükəsizlik prioritetləri baxımından mühüm əhəmiyyət daşıyan 10 mart razılaşmasının icra prosesinin gedişatı da müzakirə olunacaq.

Səfər zamanı İsrailin hücumları fonunda Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin də diqqət mərkəzində saxlanılması gözlənilir.

Türkiyə və Suriyanın ortaq maraqları, eləcə də Suriyanın son vaxtlar İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiyaya (DMUK) qoşulması kontekstində, Suriyadakı mümkün qeyri-sabitlikdən istifadə etməyə çalışan İŞİD-in yenidən fəallaşmasının qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri də gündəmdə olacaq.

Görüşlərin əsas mövzularından biri təhlükəsizlik məsələləri olsa da, Suriyanın yenidən qurulması məqsədilə ikitərəfli səviyyədə həyata keçirilən layihələrin müzakirəsi və Suriya hökumətinin institusional potensialının artırılmasına dəstək verilməsi istiqamətində görülən işlərin qiymətləndirilməsi də planlaşdırılır.

Bununla yanaşı, Türkiyənin Şamdakı səfiri vəzifəsinə təyin edilən xarici işlər nazirinin müavini Nuh Yılmazın da görüşlərdə iştirak etməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki