ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Çempionatı gözlənilməz problemlə üzləşə bilər. Söhbət futbolçulardan, azarkeşlərdən və hətta təşkilatçılardan asılı olmayan təbii təhlükədən – ildırım və güclü elektrik fırtınalarından gedir.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, dünya mediasında yayılan təhlillərə görə, ABŞ-ın bir sıra ştatlarında yay ayları ildırım və göy gurultulu leysanların ən intensiv dövrü hesab olunur. Xüsusilə Florida, Texas, Corciya və digər cənub bölgələri bu baxımdan riskli ərazilər sayılır.
ABŞ təhlükəsizlik qaydalarına əsasən, stadionun 16 kilometr radiusunda ildırım müşahidə olunarsa, oyun dərhal dayandırılmalıdır. Bundan sonra minimum 30 dəqiqə gözlənilir. Əgər həmin müddətdə yenidən ildırım çaxarsa, sayım sıfırlanır və 30 dəqiqə yenidən başlayır. Bu isə bəzi oyunların bir neçə saat gecikməsinə səbəb ola bilər.
Artıq mundial öncəsi keçirilən bəzi hazırlıq oyunlarında bu problem özünü göstərib. Orlando şəhərində İngiltərə və Kosta-Rika arasında keçirilən yoxlama oyunu ildırım təhlükəsi səbəbindən gecikdirilib. Digər qarşılaşmalarda da azarkeşlərə tribunaları tərk etmək və sığınacaqlara keçmək barədə göstərişlər verilib.
Məsələ o qədər ciddidir ki, Kanadanın Toronto şəhərində Dünya Çempionatı azarkeş festivalı belə ildırım təhlükəsinə görə təxliyə edilib. Minlərlə futbol həvəskarı tədbir məkanını tərk etməyə məcbur olub. (Reuters)
Meteoroloqlar bildirirlər ki, iyun və iyul ayları ABŞ-da elektrik fırtınalarının ən aktiv dövrüdür. Xüsusilə Florida ştatı “Amerikanın ildırım paytaxtı” hesab olunur və burada hər il minlərlə ildırım hadisəsi qeydə alınır.
Ekspertlər hesab edirlər ki, Dünya Çempionatının ən böyük sürprizlərindən biri məhz hava şəraiti ola bilər. Belə ki, bəzi qarşılaşmaların taleyini futbolçuların performansı deyil, göydən çaxan ildırımlar müəyyənləşdirə bilər.
FIFA və yerli təşkilat komitələri vəziyyəti diqqətlə izləsələr də, mütəxəssislər turnirin gedişində hava səbəbindən uzun fasilələrin və təxirəsalmaların qaçılmaz ola biləcəyini bildirirlər.
