Filippində güclü zəlzələ: Ölənlərin sayı 37-yə çatdı

Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib.

Məlumata görə, təbii fəlakət zamanı 456 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. Zəlzələdən ümumilikdə 77 mindən çox insan zərər çəkib.

Rəsmilər bildiriblər ki, ölənlərin əksəriyyəti dağılan binaların qalıqları altında qalaraq həyatını itirib. Zəlzələ nəticəsində yollar, körpülər və yaşayış evlərinə ciddi ziyan dəyib. İlkin hesablamalara əsasən, 1 889 ev zədələnib, onlardan təxminən 1 500-ü tamamilə dağılıb.

Elektrik xətlərinin zədələnməsi səbəbindən xəstəxanalara generator və yanacaq göndərilib. Həmçinin bəzi aviareyslər hava limanında yaranan problemlər səbəbindən ləğv edilib və ya başqa istiqamətlərə yönləndirilib.

Xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir. Evlərinə qayıda bilməyən sakinlər üçün çadır şəhərciklərinin qurulması nəzərdən keçirilir.

Qeyd edək ki, Filippin "Sakit Okean Od Halqası" adlanan aktiv seysmik zonada yerləşdiyi üçün ölkədə güclü zəlzələlər tez-tez baş verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki