Son günlər Fransada yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Azərbaycana qarşı sistemli və qərəzli siyasi kampaniyanın yeni mərhələsi müşahidə olunur.
Referans Media xəbər verir ki, Fransa bələdiyyələri beynəlxalq hüququn əsas prinsiplərini və dövlətlərin suverenliyini nəzərə almadan, açıq şəkildə birtərəfli mövqe tutaraq Bakıya qarşı təzyiq çağırışları ilə çıxış edirlər.
Dekabrın 17-də Paris Şəhər Şurası Azərbaycanda “qanunsuz saxlanıldığı” iddia edilən ermənilərin dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın guya “özbaşına həbslər” həyata keçirdiyi iddia olunur, eyni zamanda beynəlxalq hüququn selektiv və siyasi motivli şərhi təqdim edilir. Paris bələdiyyəsi bir daha açıq şəkildə Ermənistanın və Qarabağdan könüllü köç etmiş ermənilərin maraqlarını müdafiə etdiyini nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını görməzdən gəlib.
Sənəddə 2020-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında baş verən hadisələr təhrif olunmuş formada təqdim edilir, Azərbaycanın öz ərazisində apardığı antiterror və suverenlik tədbirləri “repressiya” kimi qələmə verilir. Paris bələdiyyəsi, eyni zamanda, əvvəlki illərdə “humanitar yardım”, “siyasi dəstək” və Qarabağ ermənilərinə “fəxri vətəndaşlıq” verilməsi kimi addımları sadalayaraq, açıq şəkildə Ermənistan tərəfinin lobbi xəttini davam etdirdiyini təsdiqləyir.
Eyni gün oxşar mövqe Nitsa şəhərində də nümayiş etdirilib. Şəhərin meri Kristian Estrozinin təşəbbüsü ilə Nitsa meriyasının binasının fasadında 23 nəfərin fotosu nümayiş etdirilib. Sosial şəbəkələrdə yayımlanan açıqlamada Estrozi həmin şəxsləri “girov” adlandıraraq Fransa və Avropanı Azərbaycana qarşı “qəti addımlar” atmağa çağırıb. Bu bəyanat diplomatik etikaya zidd olmaqla yanaşı, Fransa yerli hakimiyyətinin açıq siyasi təxribat xəttini ortaya qoyur.
Paris və Nitsada paralel şəkildə baş verən bu addımlar təsadüfi deyil. Söhbət Fransada uzun müddətdir formalaşmış erməni lobbisinin təsiri altında olan bələdiyyə siyasətindən gedir. Yerli özünüidarəetmə orqanları beynəlxalq təşkilatların səlahiyyətlərinə müdaxilə edir, hüquqi prosedurları və məhkəmə proseslərini öncədən “hökm” kimi təqdim edərək açıq siyasi manipulyasiya ilə məşğul olurlar.
Bu təşəbbüslər bir daha göstərir ki, Fransanın bir sıra siyasi dairələri üçün “insan hüquqları” anlayışı seçmə xarakter daşıyır. Azərbaycanın suveren ərazisində törədilmiş ağır cinayətlər, mina terroru, mülki əhaliyə qarşı zorakılıqlar və uzun illər davam etmiş işğal faktı isə eyni dairələr tərəfindən qəsdən görməzlikdən gəlinir./musavat.com






















