Süni intellekt (Aİ) texnologiyalarının sürətli inkişafı insan həyat tərzinə və sosial münasibətlərə təsiri ilə bağlı müzakirələr davam edir.
Referans Media-ya açıqlama verən “Aİ” mütəxəssisi Natiq Məmişov bildirib ki, “Aİ” birbaşa qərar verməsə də, insanların davranışlarını formalaşdırmaq gücünə malikdir.
Onun sözlərinə görə, məsələn, Netflix istifadəçiyə nə izləyəcəyini tövsiyə edir, Instagram hansı məzmunu görəcəyimizi seçir, Google isə hansı məlumatları öyrənəcəyimizi müəyyənləşdirir. Bank proqramları da kimə kredit veriləcəyini qiymətləndirir. Bu proses “algorithmic behavioral shaping” – yəni alqoritmik davranış formalaşdırılması adlanır.
Ekspert vurğulayıb ki, bu sistemlər seçimləri optimallaşdırsa da, insan davranışının təbii və spontanlığını azalda bilər.
Sosial münasibətlərə gəldikdə isə, “Aİ” ilə yeni fenomenlərin yarandığı qeyd olunur. Bəzi insanların daha çox “Aİ” ilə ünsiyyət qurduğu bildirilir. Səbəb kimi Aİ-nin daim dinləməsi, operativ cavab verməsi və mühakimə etməməsi göstərilir.
Əmək bazarına təsir məsələsinə toxunan Natiq Məmişov bildirib ki, “Aİ” peşələri tam aradan qaldırmır, daha çox tapşırıqları dəyişir və formalaşdırır. Xüsusilə proqnozlaşdırıla bilən, rutin işlər avtomatlaşdırma riski altındadır. Kreativlik və qeyri-müəyyən mühitdə qərarvermə tələb edən sahələr isə hələlik daha dayanıqlıdır.
Uzunmüddətli perspektivdə bəzi qısamüddətli işlərin azalacağı, lakin yeni peşə və fəaliyyət sahələrinin yaranacağı vurğulanıb. Ekspert əlavə edib ki, tarix boyu texnologiyanın inkişafı əvvəlcə insan yükünü azaldıb, daha sonra isə yeni iş imkanları formalaşdırıb.
Gülnaz Abdullazadə
