Rusiyada 10 yaşlı qız ağcaqanad əleyhinə istifadə olunan spreydən zəhərlənib. Belə ki, o, yüksək hərarət və ürəkbulanma əlamətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmayıb. Bu hadisə yay mövsümündə ağcaqanad əleyhinə kimyəvi vasitələrin təhlükəsini bir daha gündəmə gətirib.
İnsanların tez-tez istifadə etdiyi ağcaqanad əleyhinə sprey və digər kimyəvi vasitələr nə dərəcədə təhlükəlidir?
Globalinfo.az-a danışan pediatr Aytən İsmayılzadə deyib ki, ağcaqanad əleyhinə dərmanlar ölümə səbəb ola bilər:
“Bu dərmanlar beyin hüceyrələrini zədələyir və nəticədə xroniki zəhərlənmə yaranır. Adətən zərərverici həşəratları məhv etmək üçün müxtəlif vasitələrdən istifadə ediləndə, “Əraziyə daxil olmayın, qoruyucu vasitə taxın”, deyə xəbərdarlıq edilir. İnsanlar ağcaqanad əleyhinə olan dərmanı otaqda elektrikə qoşulu halda saxlayırlar və ya yandıraraq ətrafa tüstüsünü yayırlar. Həmin yerdə əyləşəndə bilmirlər ki, bədənimiz bu zəhəri qəbul edir”.
Mütəxəssis bildirib ki, dərmanın tərkibinə qatılan maddələr baş ağrısı yaratmasa da, yavaş-yavaş beyin hüceyrələrini zəhərləyir:
“Bu da əksər hallarda ölümlə nəticələnir. Yəni böyük risk mövcuddur. İnsanlara bu vasitələrdən istifadə etməməyi tövsiyə edirəm. Ağcaqanadın dişləməsi daha təhlükəsizdir, nəinki, bu dərmanlardan istifadə etmək…”.