“Ötən tarif dövründə aparılan təhlil və hesablamalara görə,
abonentlər üçün aylıq sabit tarif 1 manatı aşmayacaq”.
Bunu Milli
Məclisin ötən gün keçirilən iclasında energetika nazirinin müavini Orxan
Zeynallı deyib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc
Referans-a açıqlamasında bu məsələ ilə bağlı danışıb.
“Azərbaycan Respublikasının bu cür tədbirləri sözügedən kommunal
xidmət istiqamətində xidmətin səviyyəsini yüksəltmək və əhalinin bu xidmətlərdən
daha çox məmnun olması üçün mexanizmləri daha da təkmilləşdirmək məqsədi
daşıyır. Bu məsələ ilə bağlı belə bir sual yarana bilər: “Sabit tarifin ümumi
tarifə əlavə olunmasından sonra nə dəyişəcək?”. Məsələn, vətəndaş aylıq 20-25
manat məbləğində kommunal xidmət qarşılığını ödəyirsə, bu bir manat o deməkdir
ki, vətəndaş təqribən 4 faiz civarında əlavə məbləğ ödəyəcək. Yəni bu birbaşa
olmasa da, dolayı yolla qiymətin 4 faiz artımı deməkdir. Digər tərəfdən çox
sayda boş mənzillər var ki, vətəndaşlar orada yaşamır, əlavə mənzillər kimi saxlanılır.
Bu mənzillər də kommunal xidmətlərə görə abonent xidmətləri də ödəyəcək. Bu o
deməkdir ki, ölkədə olan istifadə olunmayan mənzillər də kommunal xidmətlər
sisteminə qoşulduqlarına görə ödəniş edəcəklər. Bu baxımdan həmin ödənişlərin
dövlət büdcəsinə də müsbət təsiri olacaq”.
Vüqar Oruc düşünür ki, dünya üzrə enerji daşıyıcılarının qiymətində
artım baş verir. Bu artımın da bu və ya digər səviyyədə kompensasiyası dövlət
üçün vacib əhəmiyyət kəsb edən məsələdir.
“İstənilən xidmət sahəsində Azərbaycan dövləti vətəndaşlarımız
üçün zəruri olan xidmət sahələrini əlavə datasiya ilə təmin edir. Dövlətə 30
ildən artıq işğal altında olan ərazilərimizin bərpası, müharibənin
nəticələrinin aradan qaldırılması istiqamətində kifayət qədər xərclər olduğu
zamanda bu istiqamətdə də müəyyən islahatların keçirilməsi gözlənilən idi.
Yəqin ki, yeni situasiyada vətəndaşlarımız enerji daşıyıcılarının, kommunal
xidmətlərin sərfiyyatını daha qənaətlə həyata keçirəcəklər ki, bu istiqamətdə
ödənişlər çox olmasın”.
Fidan Vəlisoy