"Johns Hopkins" Universitetinin tədqiqatçıları tibb dünyasında böyük əks-səda doğuran mühüm bir elmi uğura imza atıblar.
Referans Media xəbər verir ki, elm insanları məməlilərin vizual sistemindəki hüceyrələrin zədələnmədən sonra "cücərmə" (filizlənmə) metodu ilə yeni əlaqələr qurduğunu və bunun sayəsində görmə qabiliyyətini bərpa edə bildiyini müəyyən ediblər.
İnsan üçün ən vacib duyğularından biri olan görmə qabiliyyətinin travmalardan sonra necə qaytarıla biləcəyinə dair kritik bioloji sirr artıq açılıb.
Siçanlar üzərində aparılan laboratoriya araşdırmaları məməli canlıların gözlərində zədələnmiş hüceyrələri kompensasiya edə biləcək gizli bir bərpa mexanizminin olduğunu sübut edib. "Johns Hopkins" Universitetinin mütəxəssisləri travmadan sonra vizual sistemdəki hüceyrələr ilə beyindəki neyronlar arasında baş verən dəyişiklikləri yaxından izləyiblər.
Məlum olub ki, neyronlar özlərini yenidən istehsal etməsələr də, sağ qalan hüceyrələr "cücərmə" adlanan proses vasitəsilə şaxələnməni artırır və əvvəlki neyron əlaqələrinin sayına yenidən çatır.
Mərkəzi sinir sisteminin məhdud strukturuna rəğmən nümayiş etdirdiyi bu funksional bərpa qabiliyyəti elm dünyası tərəfindən yüksək qiymətləndirilir. Hüceyrələrin bu potensialının tam formalaşdırılması gələcəkdə travmatik sinir və göz zədələnmələrinin müalicəsində inqilabi üsulların önünü aça bilər.
Eksperimentlər zamanı alimləri heyrətə gətirən daha bir detal isə sağalma sürətinin cinsiyyətlər arasında fərqli olmasıdır. Əldə edilən fərqli göstəricilərə görə, erkək siçanların zədələnmədən sonra dişi siçanlara nisbətən daha sürətli və tam şəkildə sağaldığı müəyyən edilib.
Tədqiqatın baş müəllifi Atanasios Aleksandris bildirib ki, bu reallıq qadınların beyin zədələnməsi simptomlarını kişilərə nisbətən daha uzun müddət yaşaması faktı ilə üst-üstə düşür.
Hazırda mütəxəssislər qadınlarda bu hüceyrə bərpasını ləngidən səbəbləri tapmaq və sağalma proseslərini sürətləndirəcək yeni tibbi strategiyalar hazırlamaq üzərində çalışırlar./Sfera.az
