Güclü yağışlar məktəblərə necə təsir edir? – Elçin Əfəndidən AÇIQLAMA

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağışlar bəzi bölgələrdə gündəlik həyata, xüsusilə də gediş-gəlişə müəyyən çətinliklər yaradıb. Mövcud hava şəraiti fonunda məktəblərdə tədris prosesinin necə təşkil olunduğu və dərsə qatıla bilməyən şagirdlərə münasibətdə hansı yanaşmanın tətbiq edilməli olduğu müzakirə olunan məsələlərdən biridir.

Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, son günlər müşahidə olunan yağışlı hava şəraiti müəyyən təsir göstərsə də, hazırda tədris prosesində hər hansı fasilə yaranmayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdə dərslər davam edir və ümumilikdə təhsil müəssisələrində fəaliyyət dayandırılmayıb.

Ekspert qeyd edib ki, dərsə gəlməyən şagirdlərə qarşı hər hansı inzibati tədbirin görülməsinə ehtiyac yoxdur:

“Belə olan halda, məsələn, hər hansı dağlıq ərazidə şagirdlərin təhsil müəssisəsinə gedişinə maneə yaradan yol ötürücüsü, körpü və ya digər keçidlər yararsız vəziyyətə düşübsə, bu zaman dərslərin uzadılması nəzərdə tutula bilər. Yəni, dərslər onlayn keçirilə bilər. Əgər bu da mümkün deyilsə və şagirdlər məsuliyyətli şəkildə dərsə gələ bilməyiblərsə, buna görə hər hansı inzibati tədbirin tətbiqi doğru deyil.”

Elçin Əfəndi vurğulayıb ki, mövcud hava şəraiti artıq bir neçə gündür davam edir və yaxın günlərdə havanın sabitləşəcəyi ehtimal olunur.

Onun fikrincə, belə vəziyyətdə dərsə gedə bilməyən, xüsusilə də ucqar və gediş-gəliş baxımından çətinlik yaşayan ərazilərdə yaşayan şagirdlər evdə mövzularla tanış olmalı, sual və tapşırıqları yerinə yetirməli, eyni zamanda imkan olduqda müəllimlərlə əlaqə saxlayaraq onlayn təhsildən yararlanmalıdırlar.

“Əgər onlayn dərs təklif olunursa, şagirdlər bu imkandan istifadə etməli, müəllimlərlə danışaraq müəyyən mövzuları işləməlidirlər.”

Ekspert əlavə edib ki, yağışlı hava şəraiti xüsusilə gediş-gəlişə təsir göstərir və bu baxımdan bəzi ərazilərdə distant təhsil daha məqsədəuyğun hesab oluna bilər.

“Keşlə qəsəbəsi kimi ərazilərdə, eləcə də şimal zonasında — Quba, Qusar və bəzi dağlıq yaşayış məntəqələrində yağışlardan sonra gediş-gəlişdə müəyyən problemlər yaranır. Belə olduğu halda, həmin ərazilərdə yaşayan və dərsə gedə bilməyən uşaqlar üçün distant təhsilin tətbiqi daha məqsədəuyğun olar.”

Elçin Əfəndi sonda qeyd edib ki, bu günə olan vəziyyətə görə hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, ümumilikdə tədris prosesində hər hansı fasilə qeydə alınmayıb

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki