Həbsxanadan gələn xəbər şok etdi: İddialar gündəmi dəyişdi

Türkiyədə həbs edilərək vəzifəsindən uzaqlaşdırılan bəzi bələdiyyə rəhbərləri ilə bağlı həbsxanada yaşandığı iddia edilən gərginlik gündəmə gəlib. Jurnalist Fatih Atik İzmit Bələdiyyə sədri Fatma Kaplan Hürriyyət və Etimesqut Bələdiyyə sədri Erdal Beşikçioğlu ilə bağlı diqqətçəkən iddialar səsləndirib.

Referans Media xəbər verir ki, Atikin iddialarına görə, Fatma Kaplan Hürriyyət onu ziyarət edən Yeni Partiyanın Kocaeli millət vəkili Harun Özgür Yıldızlıya sərt reaksiya göstərib.

"TGRT Haber"də yayımlanan "Media Kritik" proqramında danışan Fatih Atik bildirib ki, Fatma Kaplan Hürriyyət həbsxanada onu ziyarət edən deputata qarşı belə ifadələr işlədib: "Sizin ucbatınızdan buradayam. Məni siz şikayət etdiniz, yoxsa mən həbsxanaya düşməyəcəkdim. Buradan get, rədd ol."

Atik iddia edib ki, görüş zamanı yaranan gərginlikdən sonra deputat ziyarəti yarımçıq saxlamaq məcburiyyətində qalıb və həbsxanadan çıxarkən səhhətində problem yaşayıb. Jurnalistin digər iddiası isə Etimesqut Bələdiyyə sədri Erdal Beşikçioğlu ilə bağlı olub. Atik bildirib ki, Beşikçioğlu vəkilləri ilə görüşündə məsuliyyəti bələdiyyə sədr müavininin üzərinə ataraq sərt ifadələr işlədib.

İddiaya görə, Beşikçioğlu belə deyib: "Hamısının Allah bəlasını versin, onların ucbatından həbsxanadayam."

Fatih Atik həmçinin CHP sədri Özgür Özelə yönəlik tənqidlər səsləndirib. O, bəzi iddiaların mətbuat konfranslarında Özgür Özələ soruşulmadığını irəli sürüb.
Jurnalist həbsdə olan bələdiyyə rəhbərlərinin gələcək ifadələrinin siyasi baxımdan mühüm nəticələr yarada biləcəyini bildirib və prosesin daha da genişlənə biləcəyini qeyd edib.

Qeyd edək ki, səsləndirilən iddialar hazırda rəsmi qurumlar və adı çəkilən şəxslər tərəfindən təsdiqlənməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki