Yeni tədris ili öncəsi Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə genişmiqyaslı layihəyə start verilir. Üç nazirliyin koordinasiyası ilə ölkə üzrə 30 min yeni təhlükəsizlik əməkdaşının işə qəbul edilməsi planlaşdırılır.
Referans Media xəbər verir ki, Daxili İşlər Nazirliyi, Milli Təhsil Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyinin birgə həyata keçirəcəyi layihə çərçivəsində məktəblərdə təhlükəsizlik səviyyəsinin artırılması nəzərdə tutulur.
Yeni təhlükəsizlik əməkdaşları İŞKUR vasitəsilə Toplum Faydalı Proqramı (TYP) çərçivəsində işə götürüləcək. İşçilərin məktəblərdə yerləşdirilməsi prosesini 81 vilayətin valilikləri həyata keçirəcək.
Mühafizəçilərə detektorla yoxlama səlahiyyəti veriləcək
Yeni sistemə əsasən məktəblərin giriş-çıxışlarında xidmət aparacaq təhlükəsizlik əməkdaşlarına metal detektorlarla yoxlama aparmaq səlahiyyəti veriləcək.
Onlar məktəbə daxil olan şəxsləri yoxlayacaq, şübhəli vəziyyətləri qeydə alacaq, zəruri hallarda polis və jandarma bölmələrinə dərhal məlumat ötürəcək. Təhlükəsizlik əməkdaşları eyni zamanda məktəb rəhbərliyi ilə hüquq-mühafizə orqanları arasında əlaqələndirici rol oynayacaq.
Məqsəd mümkün təhlükələrin qarşısını almaqdır
Yeni tətbiqin əsas məqsədi məktəblərdə və onların ətrafında yarana biləcək təhlükəsizlik risklərini minimuma endirməkdir. Qərarın xüsusilə Şanlıurfa və Kahramanmaraşda baş verən hadisələrdən sonra gündəmə gəldiyi bildirilir. Daxili İşlər Nazirliyi daha əvvəl də 81 vilayətin rəhbərliyinə məktəb və ətraflarında risk analizinə əsaslanan təhlükəsizlik planlarının hazırlanması ilə bağlı göstəriş vermişdi.
Üç nazirlik birgə fəaliyyət göstərəcək
Layihənin həyata keçirilməsində üç nazirlik koordinasiyalı şəkildə çalışacaq. Daxili İşlər Nazirliyi işə qəbul ediləcək şəxslərin təhlükəsizlik araşdırmalarını aparacaq. Milli Təhsil Nazirliyi onların məktəblərdə çalışma uyğunluğunu qiymətləndirəcək. Əmək və Sosial Müdafiə Nazirliyi isə İŞKUR və TYP vasitəsilə məşğulluq prosesini həyata keçirəcək.
