image-gol-qurutmabackend

“Heç bir şəxs və ya qurum özbaşına şəkildə gölü quruda bilməz”

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sovxoz Ramana ərazisində yerləşən gölün doldurulması faktı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılıb. Araşdırma çərçivəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.

Referans Media-nın xəbərinə görə, məsələ ilə bağlı Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni Demokrat.az-a açıqlamasında deyib ki, hər hansı bir rayonun ərazisində ekoloji hadisə baş verərsə, buna görə məsuliyyəti həmin rayon daşıyır:

“Bu baxımdan məsuliyyət birbaşa Sabunçu Rayon İcra Hakimiyyəti-nin üzərinə düşür. Eyni zamanda, aidiyyəti dövlət qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələni araşdırmalı, baş verən hadisəyə hüquqi qiymət verməli və zərurət olduqda müvafiq tədbirlər görməlidir. Əgər ərazidə ekoloji zərər yetirilməsi faktı varsa, buna cavabdeh şəxslər müəyyən edilməli və məsuliyyət məsələsi qaldırılmalıdır. Ölkə prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, ictimai nəzarət gücləndirilməli, vətəndaşlar yaşadıqları ərazilərdə təbiətin qorunmasına həssas yanaşmalıdırlar. Media da belə halları diqqətdə saxlamalı, məsələni ictimailəşdirməli və cəmiyyətin diqqətində saxlamalıdır”.

O bildirib ki, ilk növbədə araşdırılmalıdır ki, bu addım kim tərəfindən və hansı əsasla atılıb:

“Bu, hər hansı məmurun özbaşına qərarıdır, yoxsa mövcud qanunvericiliyə uyğun şəkildə verilmiş rəsmi qərardır? Əgər rəsmi qərardırsa, onun hüquqi əsasları ictimaiyyətə açıqlanmalıdır. Əgər özbaşınalıqdırsa, bu, qəbuledilməz haldır və dərhal qarşısı alınmalıdır. Heç bir şəxs və ya qurum özbaşına şəkildə gölü quruda bilməz. Belə bir hal baş veribsə, məsələ nəzarətə götürülməli, hərtərəfli araşdırılmalı və nəticələr barədə ictimaiyyətə məlumat verilməlidir. Mən də öz növbəmdə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib əlavə məlumat toplamağa və araşdırma aparmağa çalışacağam”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki