Səudiyyə Ərəbistanı, həcc mövsümü öncəsi Məkkə şəhərinə girişlə bağlı yeni və sərt qaydalar tətbiq edib. Qərarların əsas məqsədi artan sıxlığı nəzarət altına almaq, təhlükəsizliyi gücləndirmək və həcc təşkilatını daha səmərəli şəkildə idarə etməkdir.
Referans Media xəbər verir ki, 14 aprel tarixindən etibarən Məkkəyə giriş etmək istəyən bütün rezidentlər üçün rəsmi icazə tələb olunacaq. İcazəsi olmayan şəxslərin şəhərə daxil olmasına icazə verilməyəcək.
Lakin Məkkə şəhərində rəsmi yaşayış icazəsi olanlar, həcc vizasına sahib şəxslər və müqəddəs ərazilərdə çalışanlar bu məhdudiyyətdən azad ediləcək.
Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər üçün ölkədən çıxışın son tarixi 18 aprel olaraq müəyyən edilib. Bu tarixdən sonra qaydaları pozan şəxslərə qarşı cəza tətbiq olunacaq.
18 aprel – 31 may tarixləri arasında “Nusuk” platforması vasitəsilə ümrə icazələrinin verilməsi müvəqqəti olaraq dayandırılacaq. Bu addımın məqsədi həcc dövründə yaranan izdihamı azaltmaqdır.
Rəsmilər icazəsiz həcc ziyarəti etməyə çalışanlara qarşı ciddi tədbirlər görüləcəyini bildiriblər. Qaydaları pozanlara 20 min riyala qədər cərimə və ölkəyə giriş qadağası tətbiq oluna bilər.
Rəsmi məlumatlara görə, 2025-ci ildə həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Hakimiyyət bu il daha nizamlı və təhlükəsiz təşkilat üçün əlavə tədbirlərin davam edəcəyini vurğulayır.
Hazırda bütün qaydalar həcc mövsümünün problemsiz keçirilməsi və təhlükəsizlik risklərinin minimuma endirilməsi məqsədi daşıyır.
