image-692ad8a040c984fa853b0a5ebb497dc0backend

Hər kəsin aldığı tərəvəzin təhlükəli növü satışda – Qida deyil!

Qida üçün nəzərdə tutulmayan, “texniki kartof” adlandırılan məhsulun bəzi hallarda bazarlara çıxarıldığı və adi qida kartofu kimi vətəndaşlara satıldığı ilə bağlı iddialar səsləndirilir. Görünüşcə adi kartofdan ciddi fərqi olmayan bu məhsulları digərindən necə ayırd etmək olar? “Texniki kartof”un sağlamlıq üçün hansı risklər mövcuddur?

Referans Media xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Sabah”a açıqlamasında deyib ki, qida məhsullarını keyfiyyətli, mənşəyi bəlli olan və etibarlı satış nöqtələrindən almaq lazımdır:

“Çünki bəzi satıçılar insan sağlamlığını deyil, öz şəxsi maraqlarını ön planda tuturlar. Nəticədə keyfiyyətsiz, qida üçün yararlı olmayan məhsullar satışa çıxarıla bilər. Lakin satış prosesi nəzarətli və mənşəyi etibarlı olan yerlərdə aparıldıqda bu kimi hallarla rastlaşma ehtimalı minimuma enir. Ona görə də ilk növbədə bu məsələyə diqqət yetirilməlidir. “Texniki kartof”un adi kartof kimi satılmasına dair iddia varsa, bu, ciddi şəkildə araşdırılmalıdır”.

M.Hüseynova vurğulayıb ki, “texniki kartof” adətən qida üçün deyil, müəyyən istehsal prosesləri üçün yetişdirilir. Onun sözlərinə görə, bura heyvan yemlərinin hazırlanması, nişasta, spirt və digər maddələrin istehsalı daxildir:

“Bu tip kartofların yetişdirilməsində daha çox kimyəvi maddələrdən – pestisidlərdən, herbisidlərdən istifadə oluna, yığım vaxtı gecikdirilə, qida üçün nəzərdə tutulmadığına görə sağlamlıq baxımından bir çox amillər nəzərə alınmaya bilər. Burada əsas məqsəd məhsuldarlığın artırılmasıdır və bunun üçün nitratlardan istifadə olunur. Belə kartofları yeyən insanlar ağır metalların təsirinə məruz qalır, onlarda pestisid qalıqları müşahidə edilir. Bu maddələr bir və ya iki dəfə qəbul edildikdə dərhal zərər verməyə bilər, lakin davamlı istehlak edildikdə daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin funksiyasını pozaraq ciddi sağlamlıq problemlərinə səbəb olması mümkündür”.

Qida mütəxəssisi texniki növün adi kartofdan elə də seçilmədiyini söyləyib:

“Texniki kartof”u adi kartofdan birbaşa ayırmaq çətin olsa da, bəzi xarici əlamətlərə görə fərqləndirmək mümkündür. Əgər kartof həddindən artıq iri ölçülüdürsə, forması düzgün deyilsə, səliqəli yumru deyil, kənar şişkinliklər və çıxıntılar varsa, yaxud ümumi görünüşü pozulubsa, bu şübhə doğurmalıdır. Eyni zamanda qabığı həddindən artıq kobud, sərt və qalın olan, qabığın altında yaşılımtıl rəng müşahidə edilən kartoflar təhlükəlidir. Bu rəng solanin adlı zəhərli maddənin göstəricisidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki