ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlara cavab olaraq Tehran son 10 gün ərzində 7 ərəb ölkəsinə ümumilikdə 3095 raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib.
Referans Media xəbər verir ki, hücumların böyük hissəsi Körfəz regionundakı ölkələri hədəf alıb. Ən çox zərbə alan ölkə Birləşmiş Ərəb Əmirlikləri, ən az hücuma məruz qalan ölkə isə Oman olub.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar zamanı ölkəyə 253 ballistik raket, 1440 PUA və 8 qanadlı raket atılıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri 233 raketi məhv edib, 18 raket dənizə düşüb, 2 raket isə ölkə ərazisinə düşüb. Eyni zamanda 1440 PUA-dan 1359-u zərərsizləşdirilib, 81-i isə ölkə ərazisinə düşüb.
Küveyt Müdafiə Nazirliyi ölkəyə 238 raket və ən azı 430 PUA ilə hücum edildiyini açıqlayıb. Hücumların əsasən ölkənin şimal və cənub bölgələrinə yönəldiyi bildirilib.
Qətər isə hava məkanına yönələn 149 raket və 69 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb. Bundan əlavə, hava hücumları zamanı 2 “Su-24” tipli döyüş təyyarəsinin vurulduğu bildirilib.
Digər ölkələr də hədəf alındı
Bəhreyn – 102 raket və 173 PUA zərərsizləşdirilib.
İordaniya – 60 raket və 59 PUA hücumu qeydə alınıb.
Səudiyyə Ərəbistanı – Şeybə neft yatağı və Şahzadə Sultan Hava Bazasına qarşı 9 raket və 97 PUA hücumu edilib.
Oman – ən az hücuma məruz qalan ölkə olub, 8 PUA hücumu qeydə alınıb
İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində bildirib ki, ölkənin Keçici Liderlik Şurası qonşu ölkələrdən hücum gəlmədiyi halda həmin ölkələrə qarşı raket buraxılmaması qərarı qəbul edib.
Regionda gərginlik isə hələ də yüksək olaraq qalır və hərbi əməliyyatların daha da genişlənə biləcəyi ehtimal edilir.























