Hindistanda doğum səviyyəsi ilk dəfə kritik həddən aşağı düşdü

Dünyanın ən çox əhalisi olan ölkəsi olan Hindistanda doğum göstəriciləri tarixdə ilk dəfə əhalinin sabit qalması üçün tələb olunan səviyyədən aşağı enib.

Rəsmi məlumatlara görə, ölkədə bir qadına düşən orta uşaq sayı 1,9-a qədər geriləyib. Bu isə əhalinin uzunmüddətli dövrdə azalmasının qarşısını almaq üçün vacib sayılan 2,1-lik həddən aşağı göstəricidir.

Mütəxəssislər bunu qadınların təhsil səviyyəsinin yüksəlməsi, ailə planlaşdırılmasının geniş yayılması və uşaqların böyüdülməsi xərclərinin artması ilə əlaqələndirirlər. Son illərdə səhiyyə sahəsindəki inkişaflar nəticəsində uşaq ölümünün azalması da çoxuşaqlı ailələrə ehtiyacı azaldıb.

Ölkə daxilində ciddi fərqlər müşahidə olunur. Şimal bölgələrində doğum səviyyəsi nisbətən yüksək qalsa da, inkişaf etmiş cənub ştatlarında bu göstərici xeyli aşağıdır.

Ekspertlər xəbərdarlıq edirlər ki, doğum səviyyəsinin azalması gələcəkdə Hindistanda işçi qüvvəsinin çatışmazlığına və əhalinin sürətlə qocalmasına səbəb ola bilər. Bununla əlaqədar bəzi bölgələr artıq çoxuşaqlı ailələri təşviq edən proqramlar həyata keçirməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki