Hörmüz Boğazında davam edən gərginlik dünya enerji bazarlarında ciddi böhran yaradıb.
Referans Media xəbər verir ki, təxminən gündə 13 milyon barrel həcmində yaranan təchizat açığı qlobal enerji sistemində ciddi balanssızlığa səbəb olub.
Mütəxəssislərə görə, boğazdan keçən neft və LNG axınında yaranan fasilələr təkcə enerji sektorunu deyil, gübrə, aviasiya yanacağı, sənaye istehsalı və ümumilikdə dünya iqtisadiyyatını da təsir altına alıb. Bu vəziyyət həm inflyasiya riskini artırır, həm də iqtisadi artımın zəifləməsinə səbəb olur.
Körfəz bölgəsi qlobal neft ehtiyatlarının böyük hissəsini əlində saxlayır. Region dünya neft ehtiyatlarının təxminən 55 faizindən çoxuna sahibdir və gündəlik ixrac həcmi 21 milyon barrel səviyyəsində qiymətləndirilir. Bu göstəricilər Hörmüz Boğazının qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini daha da artırır.
Enerji qiymətlərində də ciddi artım qeydə alınıb. Son həftələrdə xüsusilə aviasiya yanacağı, dizel və təbii qaz qiymətlərində kəskin yüksəliş müşahidə olunur. Bu artım qlobal bazarlarda xərclərin yüksəlməsinə və istehsal zəncirlərinin pozulmasına səbəb olur.
Beynəlxalq iqtisadi proqnozlara görə, böhranın davam etməsi halında qlobal iqtisadi artımın daha da zəifləməsi və inflyasiyanın yüksəlməsi gözlənilir.
Türkiyə də bu böhrandan birbaşa təsirlənən ölkələr sırasındadır. Ölkənin təbii qaza olan yüksək asılılığı və enerji idxalı, artan qiymətlərin daxili bazara, inflyasiyaya və cari kəsirə təzyiq göstərməsi riskini gücləndirir.
Mütəxəssislər bildirirlər ki, Hörmüzdəki vəziyyət yalnız regional deyil, qlobal iqtisadi sistem üçün “həssas enerji damarı” rolunu oynayır və hər hansı uzunmüddətli pozulma ciddi nəticələr doğura bilər.























