Hull City, “Championship”də West Bromwich üzərində 1:0 hesablı qələbə qazanaraq ardıcıl 3-cü qələbəsini əldə etdi. Acun Ilıcalının klubu 37 xalla 4-cü pilləyə yüksələrək Play-off zonasına daxil olub.
Referans Media xəbər verir ki, Acun Ilıcalıya məxsus Hull City İngiltərədə diqqət mərkəzinə çevrilib. “Championship”in 22-ci turunda West Bromwich-i minimal hesabla məğlub edən komanda ardıcıl üçüncü qələbəsini qeyd edib.
Hull City qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçdakı yeganə qolu 45+7-ci dəqiqədə McBurnie vurub. West Bromwich-in futbolçusu Gilchrist isə 75-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra Hull City aktivinə 3 xal yazdıraraq xal ehtiyatını 37-yə çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Beləliklə, “pələnglər” Play-off zonasındakı yerini möhkəmləndirib. Komanda baş məşqçi Sergey Yakiroviçin rəhbərliyi altında son 5 oyunun 4-də qələbə qazanıb.
Son dövrlərdə ardıcıl uğurlu nəticələrlə diqqət çəkən Hull City Premyer Liqaya yüksələcəyi təqdirdə, televiziya hüquqları və sponsorluq müqavilələri hesabına təxminən 300 milyon avro gəlir əldə edəcək. Klub elitaya vəsiqə qazansa, bu nəhəng maliyyə qazancı da büdcəsinə əlavə edəcək.






















